Vətən müharibəsinin Qaradağdan olan ilk şəhidi Ağabəy Məmmədquliyevin anasının “Kontakt Home”dan şikayətini dərc etmişdik. İlahə Məmmədquliyevanın sözlərinə görə 2020-ci ilin dekabrında “Kontakt Home”un 28 may filailından kreditlə 2304 manat dəyərində mobil telefon (828 manat) və televizor (1575) alıb. Bir müddət sonra müraciəti əsasında şəhid ailələrinə güzəşt kampaniyası çərçivəsində krediti bağışlanıb və bu barəfə şirkətdən ona məlumat verilib.
Üzərindən 2 il keçəndən sonra isə Məmmədquliyevlər ailəsinə Qaradağ Rayon Məhkəməsindən borcun ödənilməsi tələbi ilə qətnamə gəlib.
"Kontakt Home" mağazalar şəbəkəsinin mətbuat katibi Vəfa Rüstəmova Bizim.Media-nın sorğusunu cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
“Kontakt Home” şəhid anasını MƏHKƏMƏYƏ verdi – Borcu silən şirkət yenidən PUL tələb edir
“Qeyd etdiyiniz kimi, müştərinin “Kontakt” mağazalar şəbəkəsindən olan alışı müharibədən sonrakı dövrə, yəni 2020-ci ilin dekabr ayına təsadüf edir. Hərçənd “Qarabağ Proqramı” şəhid ailələrinin (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına) çatmamış övladı Vətən müharibəsinə qədərki borclarının bağışlanmasını əhatə edir və bu barədə bütün rəsmi səhifə, eləcə də kanallarımızda dəfələrlə paylaşımlar edilib.
Bir daha bildirək ki, İlahə Məmmədquliyeva daha əvvəl mağazalarımızdan alış-veriş etməyib. İlk alışı müharibə bitdikdən sonrakı dövrü (04.12.2020) əhatə edir. Aldığı gündən etibarən bu günə qədər hər hansı ödəniş etməyib.
Borcun silinməsi ilə bağlı müraciəti zamanı isə ona güzəşt proqramının şərtləri təkrar izah edilib və məsələ ilə bağlı aidiyyətı xeyriyyə fondlarına yönləndirilib. Ödənişlər olunmadığı üçün iş bir müddət sonra şirkətimizin nəzarətindən çıxıb və avtomatik olaraq üçüncü tərəflərə: kollektor agentliyinə, daha sonra isə məhkəməyə ötürülüb.
Bir daha xatırladırıq ki, “Qarabağ Proqramı” çərçivəsində günü bu gün də aktiv vətənpərvərlik layihələri həyata keçririlir. İndiyədək “Kontakt” tərəfindən şəhid ailələrinin ümumilikdə 267 563 manat məbləğində müharibəyə qədərki borcları silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir. Proqramla bir daha tanış olmağınız üçün keçidi sizinlə bölüşürük:
//kontakt.az/orduya-destek-kampaniyasi/
Göründüyü kimi, iddia tamamilə əsassızdır, şirkətimiz və xalqımız üçün olduqca həssas olduğu bu mövzuda oxucunu yanlış istiqamətdə yönləndirir”, deyə məlumatda vurğulanır.
Məlumat üçün bildirək ki, Vətən müharibəsinin Qaradağ rayonundan olan ilk şəhidi Ağabəy Zaur oğlu Məmmədquliyev 2020-ci il sentyabrın 28-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 19 yaşında şəhid olub.
Alçina Amilqızı, Bizim.Media