Britaniya artıq bir neçə əsrdir ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Neft işığında başlayan bu əməkdaşlıq 1966-cı ildə Azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun ədalətli fiti nəticəsində onları dünya çempionu etməsi ilə də maraqlı çalarlar alıb. XXI əsrin ikinci onilliyində isə daha bir faktor, nəqliyyat-kommunikasiya, ticarət yollarına nəzarət ermək həvəsi Britaniyanı Azərbaycanın nəfəs məsafəsində durmağa maraqlı edib.
Bunlardan ötrü isə iki ən ciddi problemi həll etmək lazım idi. Həmin problemlərdən birini, Qarabağ münaqişəsini 26 il müddətində nə ATƏT, nə BMT həll etmək iqtidarında olmadığını göstərmişdi. Azərbaycan bütün dünyanın baş sındırdığı Qarabağ problemini öz dəmir yumruğu ilə sona çatdırdı. Xəzər dənizində dalğalanmış mübahisəli ərazi məsələsini isə öz isti sevgisi və “Dostluq” əli ilə sülhə bağladı.
MÖVZU İLƏ BAĞLI:
Böyük Britaniya artıq Avropa İttifaqında deyil
Britaniya Parlamenti və II Yelizaveta Avropa İttifaqı ilə ticarət razılaşmasını təsdiqlədi
21 yanvar tarixində Azərbaycan və Türkmənistan arasında uzun illər mübahisə predmeti olan “Kəpəz” neft-qaz yatağı ilə bağlı problem öz həllini tapmış oldu. Daha əvvəl hər iki ölkənin öz sərhədləri daxilində yer aldığını idda etdi və Xəzərin bölgüsü ilə bağlı ciddi problemlərə səbəb olan yatağın 21 yanvar memorandumuna əsasən “Dostluq” adlandırılmasına və hər iki ölkə tərəfində birgə istifadə olunmasına qərar verilib. Lakin münaqişə predmeti olan “Dostluq” yatağı ilə bağlı məsələnin tez bir zamanda həll olunması qlobal miqyasda baş verən bəzi dəyişikliklərin də xəbərçisidir.
İlk növbədə onu xatırlatmaq lazımdır ki, Azərbaycan və Türkmənistan karbohidrogen ehtiyyatları ilə olduqca zəngindir. Bu zənginlik Avropanı enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətə malik olan “Cənub qaz dəhlizi”nin bazasını təşkil edir. Bu vaxta qədər “Cənub qaz dəhlizi”nin əsas gücü Azərbaycan qazı hesabına ödənilməsi nəzərdə tutulurdu. Lakin gələcək perspektivdə Türkmənistan qazının da bu enerji marşrutu ilə Avropaya daşınması üzərində planlar qurulurdu.
Qarabağ müharibəsi və nəqliyyat zəncirinin tamamlanması Azərbaycan Türkmənistanla arasındakı münaqişə predmetini sıradan çıxarmaqla həm də ciddi diplomatik gediş etmiş oldu.
İlkin olaraq Azərbaycan və Türkmənistan arasındakı anlaşmazlıqların aradan qalxması Xəzər hövzəsindəki sabitliyin təmin olunmasına və Xəzərin enerji potensialının türkmən qazı hesabına daha da artırılmasına imkan verib. İkinci olaraq “Cənub qaz dəhlizi”-nə Türkmənistanın daxil edilməsi, irəlidə digər Orta Asiya ölkələrin də bura qoşulması üçün ilkin zəmin hazırlayıb.
Avropanın bölgədə əsas marağının məhz enerji təhlükəsizliyinin təmin olunması kimi görünsə də, Qazaxıstan və Özbəkistanın da layihəyə qoşulması təkcə enerji xətlərinin deyil, həm də mühüm nəqliyyat və daşınma yollarının da yaranması ilə nəticələnəcək. Bu isə birbaşa Böyük Britaniyanın maraqlarına xidmət edən amildir. Brexit-dən sonra “Qlobal Britaniya”-nın yenidən yaradılması üçün çalışacağını qeyd edən İngiltərə höküməti dünyanın geosiyasi nizamını dəyişdirməkdə davam edir.
Bu baxımdan xüsusilə diqqət yetirilməli məsələ Azərbaycan-Naxçıvan-Türkiyə arasında nəqliyyat koridorunun yaranmasıdır. Azərbaycanı Türkiyə ilə əlaqələndirən nəqliyyat koridoru Avropanın, daha dəqiq desək Britaniyanın Mərkəzi Asiya ilə birbaşa əlaqəsini təmin edən nəqliyyat zəncirinin əsas hissəsi idi. Eynilə enerji xətləri kimi, bu nəqliyyat dəhlizinin də Xəzərin digər tərəfinə Türkmənistan və Mərkəzi Asiya ölkələrinə keçməsi ehtimalı olduqca böyükdür.
Uzun illər idi ki, zəncirin bu hissəsi Ermənistanın işğalı nəticəsində sıradan çıxmışdı.
Artıq işğal faktoru aradan qalxdığı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğu üçün nəqliyyat zəncirinin tamamlanmaması üçün hər hansı səbəb yoxdur.
Enerji mənbələrinə və nəqliyyat dəhlizlərinə nəzarət edən Britaniya Türkmənistanla Azərbaycan arasında imzalanmış memorandum məhz bu baxımdan çox ciddi geosiyası həmlənin tərkib hissəsidir. Çünki bu memoranduma enerji xəttləri və Avropanın enerji təhlükəsizliyi kimi məsələlərlə yanaşı Britaniya və uzaq Şərq arasındakı əlaqəni təmin edən “İpək yolu” layihəsi də ciddi önəm qazanmış olur.
Bu geosiyasi həmlə ilə Britaniya Mərkəzi Asiyaya çıxış imkanı əldə etmiş olur. Mərkəzi Asiyaya çıxmaqla isə Asiyanın digər bölgələri ilə əlaqə yaratmaq və bütöv Asiya nəqliyyat qovşağına nəzrət etmək imkanı, ABŞ-dan fərqli olaraq yaxın əlaqələrə malik olduğu Çinlə “İpək yolu” vasitəsilə birbaşə əlaqə yaratmaq fürsəti də qazanmış olur.
Digər tərəfdən eyni xətt üzrə yerləşən digər enerji mənbəyi isə Şərqi Aralıq dənizidir.
Bu regionda da Türkiyə ilə yaxın əməkdaşlıq edən və digər Avropa ölkələri ilə rəqib olan Britaniya Mərkəzi Asiya ilə yanaşı Şərqi Aralıq dənizi hövzələri üzərində nəzarət etmək imkanı qazanmış olur.
Azərbaycan-Türkiyə arasındakı nəqliyyat dəhlizi isə mühüm enerji mənbəyi olan Mərkəzi Asiyanı, bir digər enerji mənbəyi olan Şərqi Aralıq dənizi ilə əlaqələndirmiş olur. Bu dəhliz “İpək yolu” vasitəsilə Çindən yük daşınmalarını təmin etməyə çalışan Britaniya mühüm enerji mənbələri üzərində nəzarəti də öz əlinə almağa imkan verir.
Rəvan Əliyev, Bizim.Media