Azərbaycanlı HƏKİM – “Ukraynalılar yaxamda Azərbaycan bayrağını görəndə, ağlayırdılar” - FOTO

Azərbaycanlı HƏKİM – “Ukraynalılar yaxamda Azərbaycan bayrağını görəndə, ağlayırdılar” - FOTO

Hazırda oxunan: Azərbaycanlı HƏKİM – “Ukraynalılar yaxamda Azərbaycan bayrağını görəndə, ağlayırdılar” - FOTO

97950

Rusiyanın Ukraynaya təcavüzü başlayandan Almaniyaya yüzlərlə miqrant köçürülür. Daha çox qatarla həyata keçirilən evakuasiya prosesində Almaniyada yaşayan və çalışan azərbaycanlılar da iştirak edir. Prosesə könüllü qatılan və minlərlə ukraynalıya, eləcə də oradan köçürülən azərbaycanlıya tibbi dəstək göstərənlərdən biri də 6 ilə yaxındır Almaniyada yaşayan, Fridrix Aleksandr Universitetinin 4-cü kurs tələbəsi və “Fürth” klinikasının həkimi Hüseyn Kamalzadədir.

10-dan çox evakuasiya qatarında miqrantlara tibbi və komunikasiya yardımları edən Hüseyn Kamalzadə Bizim.Media-ya zövq aldığı işdən söz açıb. Azərbaycanlı həkim Almaniyada illərdir Qarabağ reallıqlarının dəstəkçisi və fəal təbliğatçısı kimi də aktiv fəaliyyətdədir:

“Ümumi və damar cərahiyyəsi ixtisasına yiyələnirəm. Həm də təcrübəçi həkim kimi klinikada çalışıram. Əməkhaqqım almaniyalı həkimlərdən heç də fərqlənmir və onlarla eyni hüquqa, statusa malikəm. Sərbəst şəkildə hələki əməliyyatlara girmirəm. Amma həkimlərə yaxından kömək edirəm”.

Hüseyn Kamalzadənin sözlərinə görə Ukraynadan Almaniyaya evakusiya prosesində iştirakı ilə bağlı şansı yarananda çox sevinib:

“Bu mövzu hər bir azərbaycanlıya yaxındır. Çünki biz 1990-cı ildə evakuasiyanın nə olduğunu ölkə kimi yaşamışıq və insanları müharibə şəraitindən çıxarmağın çətinliyini öz üzərimizdə hiss etmişik. Dostum mənə bildirəndə ki, qatarlarla işləyən alman firmalarından biri Ukraynaya humanitar yardım göstərmək planındadır və bu şans mənə veriləndə çox sevindim. Burada heç bir süni maraqdan söhbət gedə bilməz.

Evakuasiya qatarında olmaq qürurverici idi. Bunu təşkil edən şirkətin tələbi həm tibb sahəsini, həm də ukrayna və rus dilini bilən şəxsi tapmaq idi. İlk qatarda tibbi biliyə malik şəxslərin sayı 3 nəfər idi. Ukrayna və rus dilini bildiyim üçün insanlarla komunikasya yaradan isə sadəcə mən idim. Çünki ünsiyyət qura bilmədikdə, onlara tibbi yardım göstərilməsi də çətin olurdu.
Birinci gedişdə yetəri qədər həm tibbi ləvazimat, həm də qida məhsulları var idi.  İnsanlar arasında günlər boyu nə isti içki içən, nə də yemək yeyən  olmuşdu. Ümumi olaraq 14 qatarla evakusiya işləri həyata keçirildi və mən 10-da iştirak etdim. Qatarlar aprel ayından indiyədək fəaliyyət göstərir”. 

Müsahibimiz bildirib ki, ukraynalılara özünü azərbaycanlı kimi tanıdanda sevincləri yerə-göyə sığmayıb:

“Elə hesab edirdilər ki, onlara kömək edən tərəf ancaq alman olacaq. Amma əmin oldular ki, almanlar onlara bizim kimi can yandırmazdılar. Bir qatarda maksimum 20 azərbaycanlı olurdu.

Gözləmirdilər ki, onları Polşa-Ukrayna sərhədindən gəlib götürən elə azərbaycanlı ola bilər. Ukrayna və Azərbaycan dilindən başqa heç bir dil bilmədiklərinə görə o durumda onlara kömək əlini uzada bilən yalnız azərbaycanlı ola bilərdi.

Yaxamda Azərbaycan bayrağının fotosunu görəndə ilk olaraq nə baş verdiyini anlaya bilmirdilər. Sevincdən göz yaşları töküb, hönkürənlər də az deyildi. Ən böyük problem insanların yetəri qədər maye qəbul etməmələri idi.  Uşaqlar bəzən huşsuz vəziyyətə düşürdülər. İki epilepsiyalı halla üzləşdim. Aralarında bədənin müəyyən hissəsini itirmiş yaralı əsgərlər və əlil arabasında olanlar da var idi. Bir qadını süni nəfəs aparatına qoşulmuş halda gətirdik. Qadın Ukraynadan o halda gəlmişdi. Hansı ki, bu da qatarda çox işıq tələb edən bir məsələ idi. Hər birinə tibbi yardımlarımızı göstərdik və baş verə biləcək faciələrin qarşısını aldıq. Çox məsuliyyətli bir işin altına girdiyimi anlamışdım”.

Həkim xatırladıb ki, 3 ay bu işi davam etdirib. Təhsili olduğu üçün bütün evakuasiyalarda iştirak edə bilməyib:

“Polşa Ukrayna sərhədinə bir dəfə gedişə 15 saat, gediş-gəlişlə 30 saat sərf olunurdu. Fiziki və emosional baxımdan bu güc tələb edən bir işdir. Amma yenə də ukraynalılara yardımçı olurdum və onları çalışdığım xəstəxananada qəbul edirdim”.

Azərbaycanı Almaniyada layiqincə təmsil edən gənc həkimin arzusu tibbi təhsilini bitirmək, elmi işini yazmaq və növbəti illərdə Azərbaycanla birgə maraqlı layihələrə imza atmaqdır. O, Azərbaycanın istənilən klinikasında həkim kimi çalışmaq təkliflərinə də açıq olduğunu bildirib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO