Şəhid olan 9 “dəniz pişiyi”ndən biri – “Ermənilərin içində olduğunu hiss etdirməyib...” - ANA - VİDEO

Şəhid olan 9 “dəniz pişiyi”ndən biri – “Ermənilərin içində olduğunu hiss etdirməyib...” - ANA - VİDEO

Hazırda oxunan: Şəhid olan 9 “dəniz pişiyi”ndən biri – “Ermənilərin içində olduğunu hiss etdirməyib...” - ANA - VİDEO

9771

“44 günlük Vətən müharibəsində şəhid olan 9 “dəniz pişiyi”ndən biri də oğlumdur. O, qanının son damlasına qədər ermənilərlə mübarizə apardı və komandirini xilas etmək istəyərkən onunla birgə şəhadətə qovuşdu”. 

Bu sözləri Bizim.Media-ya şəhid Zaur Ələsgərlinin anası Vəfa Ələsgərli oğlunun döyüş yolundan danışarkən deyib. 

Zaur Ələsgərli II Qarabağ savaşında əsl qəhrəmanlıq nümayiş etdirib. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə ən ağır əməliyyatların iştirakçısı olub. 

Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıtda doğulub. Orta təhsilini Sumqayıt şəhər H.T.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli məktəbdə alıb.

Məzun olduqdan sonra hərbi xidmətə yollanıb və orada tibb qardaşı kimi çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 aylıq kurslara qatılıb.

Daha sonra Bakıda “dəniz pişiyi” olmaq üçün etdiyi müraciəti qəbul edilib. 5 il həm “dəniz pişiyi”, həm də quruda Xüsusi Təyinatlılarda gizir olaraq vətənə xidmət edib.

Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ora yollanıb. Oktyabrın 31-də Şuşa uğrunda gedən döyüşdə komandiri vurulub. 

 

Komandirini döyüş bölgəsindən götürməyə gedərkən yoldaşları "Gözlə, ara sakitləşsin, sonra götürək" desələr də buna etiraz edib və "Bəlkə biz gedənə qədər qanitirmədən öləcək" deyərək irəliləyib. Komandirini götürüb geri qayıdarkən düşmən gülləsinə tuş gəlib.  


Ananın sözlərinə görə, oğlu bədəninin 7 nahiyəsindən yaralansa da, komandirini xilas etmək üçün irəliləməkdə davam edib:

“Hər ikisi güllə yağışına tutulub. Son güllə Zaurun ürəyinə dəyib və komandiri ilə birgə şəhid olublar. Bu döyüşlər çox ağır və çətin əməliyyatlarla yadda qalıb. Məhz həmin əməliyatlardan sonra Şuşaya daxil olmaq mümkün olub. 

Vəfa Ələsgərli deyir ki, oğlu keşməkeşli həyat keçirsə də, heç vaxt şikayətlənməyib:

“Onun çətin və məsuliyyətli işdə işlədiyindən hər zaman xəbərsiz olmuşam. Müharibədə olduğu müddətdə də heç vaxt döyüş yolundan danışmırdı. Ölümündən sonra öyrəndim ki, oğlum ən ağır əməliyyatlarda, döyüş tapşırıqlarını yerinə yetirmək üçün odun-alovun içində olub. Oğlumun olduğu 24 nəfərlik heyət birinin də burnu qanamadan Qubadlını işğaldan azad edib. Rayonun azadlığını elan edən və bayraq qaldıranlardan biri də Zaur olub. Harada və necə döyüşdüyü barədə məlumatlar vermirdi. Yalnız bir dəfə yoldaşına deyib ki, “oğullar var, erməninin içində maşın sürür”. Sonradan sədasını eşitdik ki, həqiqətən də cəsurluq edib”. 

Ana oğlunun kəşfiyyat xatirələrindən birini də bölüşüb. O, deyib ki, Zaur şəhid olandan sonra döyüş yoldaşlarından oğlunun qəhrəmanlıqları barədə eşitdiklərindən olduqca heyrətlənib:

“Bir dəfə kəşfiyyata gedərkən 4 erməniyə rast gəlib. Əynində ermənilərin hərbi forması olsa da, biri “sən bizdən deyilsən” deyərək, oğluma bir güllə vurub. Əynində bronijilet olduğu üçün ağzıüstə yıxılıb. Güllə atan erməni oğluma yaxınlaşan anda, Zaur onun üstündə gəzdirdiyi qumbaranı dərhal digərlərinin üstünə atıb. Güllə ilə vuran ermənini isə özünə sıxıb ki, qumbaranın qəlpələri ona dəyməsin. Bu qəlpələr erməninin kürəyinə dolub. Oğlum doğma dilində erməniyə “sən məni vurdun?” deyəndə erməninin gözləri bərəlib. Elə bu anda oğlum yaralı erməninin də başını əli ilə yerindən qoparıb”. 

Ananın sözlərinə görə, oğlu erməni dilini səlis bildiyindən bir çox kəşfiyyat əməliyyatlarından uğurla çıxıb:

 

“Ermənilərin içərisində ola-ola, azərbaycanlı olduğunu hiss etdirməyib və ona “NİVA” markalı avtomobil hədiyyə etmişdilər. Oğlum həmin “NİVA”nın içərisində “Sumqayıt” sözünü yazaraq erməni zabitlərini dağdan aşırıb”. 


Müharibədən əvvəl oğlunun ailəsi ilə birgə kirayədə qaldığını xatırladan Vəfa Ələsgərli şəhidin xatirə qoyduğu ailəsinin və övladlarının evlə təmin olunmasını istəyib:

“Oğlumun evi yox idi, ailəsi ilə kirayədə qalırdı. Zaur şəhid olandan sonra ailəsini yanımıza gətirdim. Ümid edirəm ki, dövlət oğlumun ailəsini tezliklə evlə təmin edəcək. Çünki dövlətin bütün şəhidlərimizə qayğı və dəstəyini görürük. Zaurun da ailəsi tez bir zamanda evlə təmin olsa, rahatlığa çıxarlar”.

Qeyd edək ki, “Dəniz pişiyi”mizin iki gün əvvəl ikinci oğlu dünyaya gəlib.

Ananın dediyinə görə, ölümündən əvvəl ikinci oğluna Ayaz adını qoymağı tapşırıb. İlk oğlu Ayxan isə 2 yaş 5 aylıqdır. 

Zaur Ələsgərli noyabrın 11-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. 

Alçina Amilqızı, Bizim.Media 
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO