Gəlinciklə oynayan GƏLİNLƏR - Köhnəlmək bilməyən erkən nikah PROBLEMİ

Gəlinciklə oynayan GƏLİNLƏR - Köhnəlmək bilməyən erkən nikah PROBLEMİ

Hazırda oxunan: Gəlinciklə oynayan GƏLİNLƏR - Köhnəlmək bilməyən erkən nikah PROBLEMİ

97378

Son günlər ard-arda aldığımız təcavüz xəbərlərindən sonra indi də yetkinlik yaşına çatmayan qızların ailələri tərəfindən zorla ərə verilməsi xəbəri gündəmi zəbt edib. Adətən bölgələrdə, kəndlərdə görməyə alışmış olduğumuz bu mənzərə artıq bədxassəli şiş kimi şəhər mühitinə də yayılmağa başlayıb. İşin ən dəhşətli tərəfi isə buna bəzi valideynlərin bilərəkdən yol verməsidir. 

“Qız ki, kəkil çıxartdı, ver getsin”...

Bu fikir 19-20-ci əsrlərdə daha aktual idi. Əslində həmin zamanların insanına da bu fikirə görə bəraət qazandırmıram amma hardasa dövrün tələbini və mühiti anlayıram.
Qadınların heç bir haqq və hüququnun olmadığı həmin dövrlər üçün ən optimal variant kimi erkən nikah düşünülürdü. Qızlarını elm və təhsilə yönəltməyən “köhnənin kişiləri” 16 yaşa qədər qızlarını çoxdan gəlin köçürtmüş olurdu.

Son zamanlar isə “kəkili çoxdan çıxartmış”, 30 yaşına çatsa da ailə qurmaq istəməyən qızların sayı da artmaqdadır. Onlarsa daha çox “evlənərəm azadlığım məhdudlaşar”-deyə düşünürlər. Bunun da başında cəmiyyətin qoyduğu nümunələr durur. 

Elm və texnologiya dövrünə köhnə təfəkkür gətirənlər...

Yaxşı bəs indi? Müasirliyin sürətlə sərhəd aşdığı bir dövrdə valideynləri bu addımı atmağa vadar edən nədir? Axı qadınların kişilərlə bərabər hüquqa malik oluğu, asanlıqla təhsil ala bildiyi, kişilərlə eyni, hətta daha yüksək vəzifələri tutduğu bir dövrdə necə erkən nikaha meyl edib yetkinlik yaşına çatmayan qızlarımızı bu fürsətdən məhrum etmək olar?

Sizcə, bu yeniyetmələr ailəmi olacaqlar həm də hələ özlərinə bu qədər ailə nəvazişi lazımkən.

Özləri hələ uşaq sayılan bu qızlardan törəyən övladlar cəmiyyətə nə verəcəklər? Axı bioloji olaraq övlad sahibi olmaq yaşı ilə valideyn olmaq yaşı arasında xeyli fərq var.
Bəs siz heç düşünürsünüzmü  bu qızlar yeniyetməlik-gənclik-yetkinlik yaşına çatanda, təfəkkürü formalaşmağa başlayanda ona rəva gördüyünüz bu rəzil həyatı o, özünə rəva görməsə nə olacaq?

Boşanacaq. Həm də yedəyində 1 və ya daha artıq günahsız körpəylə. Bu zamansa ağla gələn ilk sual. Övladını, özünü necə saxlayacaq? Dövrün ən gəlirli və tələb olunan peşəsiylə məşğul olacaq. Necə deyərlər “köhnə peşəylə”.
Bizəsə qınamaq qalacaq, amma valideyni yox, məhz o qızları...

Oxutdunuzmu, elm savad verdinizmi ki, sabahından sığortalanmayan qızınız "gətirməyən talehindən" çıxış yolunu namussuzluqda görməsin.Heç ona namusun nə olduğunu öyrətdinizmi?! Əlbəttə ki yox...

Təhsil təməl şərtdir, sözsüz. Amma hər zaman deyirəm, cahil təfəkkürə heç akademik təhsil də kar etməz. Oxumuş ata-analar övladlarını erkən nikahdan çəkindirsələr də, bəziləri ailə dəyərlərini aşılamadıqlarından, yuxarıda qeyd etdiyim kimi yaşı 30-a çatmış qızlar “nikaha yox” deyirlər.

Bu səbəblərdəndir ki, yaşı ötməkdə olan qızlar da sadəcə övlad dünyaya gətirmək üçün ailə qurub “bir uşaq olsun ayrılıb, öz həyatımı yaşayaram” fikri ilə nikaha yanaşırlar. Etiraf edək ki, bu fikirdə çox zaman məhz elə təhsilli ailədə böyüyən gənclər durur. Yoxluğun nə olduğunu bilməyən bu gənclər, həyatın ləzzətini var-dövlət və sərbəstlikdə gördükləri üçün ailəyə də ötəri yanaşırlar.

Bir tərəfdə ehtiyac ucbatından qızına alver predmeti kimi yanaşan valideynlər, digər tərəfdən isə hər şey versə də mənəvi dəyərlər aşılamayan təhsilli ata-ana.

Bəs kimdir müqəssir?

Əslində xalq düşməni elan edilməli ilk növbədə buna yol verən cəmiyyətdir. Varlı-kasıb paradoksu yaradan cəmiyyət. Varlıya hər şeyi, hətta ən pis hərəkətləri belə yaraşdırıb kasıbı ilk pis əməlində daş-qalaq edən cəmiyyət.

Etiraf edək ki, bəzi ailələr məhz büdcə yetməzliyindən övladını təhsildən yayındırmaq məcburiyyətində qalır. Axı niyə?! XXI əsrdir və hələ də bizdə təhsildən maddiyyat ucbatından geri qalan ailələr var. Həm də bizim Avropaya inteqrasiya etməkdə olan ölkəmizdə.

Gücümüzsə sadəcə qınamağa çatır, həm də kasıbı. Buna davam etdikcə isə cəmiyyət olaraq erkən nikah kimi bir bəladan qurtulmayacağıq. Nəticə isə göz önündədir. Cəmiyyətə yeni əxlaqsız və yaxud çarəsiz, bivec qadınlar qazandırmaq.

Çıxış yolu əlbəttə ki var..

Hər edilən mənasız adətləri icra edərək “dədə-babalarımızdan belə görmüşük”- deməklə, tərəqqi etmək mümkün deyil.

Naftalin iyi verən bəzi mənasız adətləri babalarımızın ayağına yazmaq yerinə, elmə, təhsilə yönəldərək, tərəqqi etməyi qarşısına məqsəd qoyan övladlar yetişdirmək daha məntiqli olardı. Amma dediyim kimi,  sadəcə təhsillə də işi bitmiş hesab etmək olmaz.

Övladlarımıza mənəvi dəyərləri aşılamaq, varlı-kasıb təbəqəsi yerinə, insan olaraq hər kəslə bəbabər hüquqlara sahib olduğumuzu öyrətmək lazırdır. Ən əsası isə valideyn olaraq böyütdüyümüz gələcəyə ailə dəyərlərini nümunə qoyaraq sağlam nəsil yetişdirmək lazımdır.
Axı sağlam nəsil, sağlam gələcəyi formalaşdırır. Gələcəyi sağlam təməl üzərində qurulan ölkənisə heçbir kənar qüvvə yıxa bilməz.

Sonda isə...

Ailə basqısı ucbatından erkən yaşda ərə verilən qızlar, özünüzü qoruyun. Haqqınızı, arzularınızı, gələcək planlarınızı müdafiə edin. Qoruyun ki, onların ardınca düşməyə məqsədiniz olsun.

Ülviyyə Fərhad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO