"Adımı yaza bilmirəm, müəssisə nədir ki, onu da yaradım" - Səlim Müslümovun məhkəməsində ŞAHİD 

Hazırda oxunan: "Adımı yaza bilmirəm, müəssisə nədir ki, onu da yaradım" - Səlim Müslümovun məhkəməsində ŞAHİD 

97179

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Əzizə Baxşıyeva ifadə verib.  

Əzizə Baxşıyevanın sözlərinə görə, "Avromed" MMC-də 2020-ci ilə qədər baş direktor işləyib.

Onun sözlərinə görə, MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin satınalmalar şöbəsi ilə dərman ləvazimatlarının alqı-satqısı üzrə müqavilə bağlayıb.

O deyib ki, müqaviləyə əsasən 22 min 500 manatlıq dərman satıblar. 

Daha sonra ifadə verən Eldar Əliyev deyib ki, Maştağa qəsəbəsində təsərrüfatla məşğul olub və heç yerdə işləməyib:

"Məlikhəsəni yaşadığım Maştağa qəsəbəsində tanımışam. Hər dəfə onu görəndə işsizlikdən şikayət etmişəm. Bir gün Məlikhəsən mənə dedi ki, səni işə düzəldəcəm, ayda 200 manat maaş alacaqsan. Mən də razılaşdım. Məni maşınla aparırdı, hansısa sənədlərə imza qoyurdum". 

Sonradan şirkət rəhbəri olduğunu öyrəndiyini deyən şahid ifadəsində kasıbçılıqdan şikayətlənib:

"Mən necə şirkət rəhbəriyəm, yaşadığım evim başıma uçur. Heç bir şirkətdən xəbərim yoxdur. İki il ərzində mənə ayda 200 manat verilib. Sonradan isə Məlikhəsən dedi ki, iş bağlandı, buna görə də həmin 200 manatı da vermədi. Mən öz adımı yaza bilmirəm. Müəssisə nədir ki, onu da yaradım. Məlikhəsənin özünün də harada işlədiyini bilməmişəm. Qəsəbədə onu quş saxlayan kimi tanımışıq". 

Daha sonra ifadə verən şahid Aqil Quliyev deyib ki, " Fuad Farm"da işləyib. Onun sözlərinə görə, nazirliyə 2014-cü ildə 287 min 969 manat dəyərində dərman ləvazimatları satıblar:

"Həmin vaxt nazirliklə müqavilə bağladıq ki onlara dərman, sarğı materialları verək. Dedilər ki, biz böyük məbləğdə dərman preparatları alacağıq. Dedik ki, biz sizə aldığınız malın qiymətinin 20 faizini güzəşt edirik. Bu minvalla biz nazirliklə işlədik. Bir müddət sonra bizim şirkət bunlarla üzləşmə arayışı keçirəndə nazirlik qaçdı, sənədləşmədən yayındı". 

Prosesdə Aqil Quliyevin ibtidai istintaqa verdiyi İfadəsi elan olunub. O ifadədə bildirib ki, "Riyad Farm" şirkəti ilə nazirlik arasında ümumikdə 287 min 969 manatlıq dərman preparatları barədə müqavilə imzalanıb,  mal verilib. Həmin müqavilədə göstərilən məbləğ şirkətin balansına köçürüləndən sonra məbləğin 61 min 10 manatı nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova qaytarılıb". 

Növbəti proses oktyabrın 10-da davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. 

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. 

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO