Bal yarmarkasına Şərqi Zəngəzur və Qarabağdan fermerlər qatılıb

Bal yarmarkasına Şərqi Zəngəzur və Qarabağdan fermerlər qatılıb

Hazırda oxunan: Bal yarmarkasına Şərqi Zəngəzur və Qarabağdan fermerlər qatılıb

96908

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu gün Bakıda keçirilən arıçılıq məhsullarının yarmarkasına ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından olan fermerlər öz məhsullarını satışa çıxarıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, ilk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb:

"Yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır".

V.Hüseynovun sözlərinə görə, nazirlik tərəfindən keyfiyyət məsələsinə ciddi nəzarət olunub:

"Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Normativlərə uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Normativ göstəriciləri aşağı olan məhsullar isə bizim anbarlarda möhürlənərək saxlanılır və yarmarka başa çatdıqdan sonra fermerlərə geri qaytarılacaq. Bu baxımdan əminliklə deyə bilərik ki, yarmarkaya çıxarılan məhsullar ən keyfiyyətli məhsullardır".

Nazirliyin rəsmisi bildirib ki, balın qiymətini fermer özü müəyyənləşdirir:

“Yarmarkada müxtəlif qiymətə bal təklif olunur. Fermer burada balın istehsalının maya dəyərini nəzərə alır, özünün marjasını qoyub satır. Qiymət siyasətinə nazirlik qarışmır. "Balı bu qiymətdən baha satıla bilməz” mexanizmi yoxdur. Həm də bazar iqtisadiyyatıdır. Məhsulu istehsal edən qiyməti özü müəyyənləşdirir.

Məsələn, bir arıçı öz həyətində öz rayonunun ərazisində heç bir daşıma xərci olmadan və ya az daşıma xərci ilə yüksək keyfiyyətli bir məhsul istehsal edə bilir. Bunun da maya dəyəri az olduğundan məhsulu daha tez satmaq üçün aşağı qiymətə təklif edə bilir. 

Amma yüksək dağlıq ərazilərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdəki infrastruktur işğal dövründə darmadağın olunub. Buna rəğmən həmin rayonlarda - Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Cəbrayıl və digər işğaldan azad olunmuş ərazilərdən olan fermerlər öz təsərrüfatlarını həmin ərazilərə aparıblar və onların orada daşıma, yaşama, arıya qulluq xərcləri və digər amilləri nəzərə alınaraq məhsulun qiymətini formalaşdırır". 

Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək bal və arıçılıq məhsullarını əldə edə bilərlər. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO