Küçə və yolların işıqlandırılmasında günəş enerjisindən niyə istifadə edilmir? - CAVAB

Küçə və yolların işıqlandırılmasında günəş enerjisindən niyə istifadə edilmir? - CAVAB

Hazırda oxunan: Küçə və yolların işıqlandırılmasında günəş enerjisindən niyə istifadə edilmir? - CAVAB

96701

Əksər inkişaf etmiş ölkələrdə yol kənarlarında və parklarda gecə işıqlandırılması üçün günəş enerjisi ilə çalışan müxtəlif növ işıqlandırma avadanlıqlarından, fənərlərdən geniş şəkildə istifadə olunur. Çox təəssüf ki, ilin 280 günü günəşli olan Azərbaycanda bu texnologiyalardan istifadə olunmur.

Hazırda, yol kənarlarındakı və parklardakı işıq dirəkləri anoloji elektrik mənbələrindən qidalanır. Bu isə həm dövlət büdcəsinə xeyli ziyan vurur, həm də işıqlandırmanın keyfiyyətini aşağı salır.

Nəzərə alaq ki, dünyada mövcud olan bərpa olunan enerji növlərindən günəş enerjisi ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur.

Günəş enerjisindən istifadə xüsusilə son 10-12 ildə böyük sürətlə artmaqdadır. Əgər 2010-cu ildə günəş enerjisinin dünyada elektrik enerjisinin qenerasiyasında payı 0,1% təşkil edirdisə, 2022-ci ildə bu göstərici təqribən 4%-ə çatır və bu 40 dəfə artım deməkdir.

Respublika Prezidentin fərmanı ilə 2 il bundan əvvəl yaradılan Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və bu yaxınlarda inşası başlayan 240 MVt gücündə külək enerji parkı və 230 MVt gücündə günəş elektrik stansiyası bunun bariz nümunəsidir. 

Bəs, müvafiq qurumlar paytaxtın, o cümlədən regionların küçə və prospektlərində günəş və külək enerjisi ilə çalışan müxtəlif növ işıqlandırma avadanlıqlarından, fənərlərdən niyə istifadə etmir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekspert Ziya Rəhbərli bildirdi ki, Azərbaycan günəşli günlərin sayına görə bu kimi məhsulların istifadəsi üçün perspektivli ölkə hesab olunur. Amma, bu məsələyə bəzi qurumlar çox diqqət ayırmır. Bunun da bir neçə səbəbi var.

Birincisi, küçələrdə, parklarda günəş və külək enerjisi ilə çalışan işıqlandırma məhsullarının istifadəsinə qərar verən səlahiyyət sahiblərinin yeniliklərə açıq, innovativ məhsulların tətbiqinə meyilli olmamasıdır.

İkincisi, əvvəlki illərdə kommersiya məqsədilə gətirilən bu məhsulların keyfiyyəti çox aşağı idi. Bundan əlavə qeyri-leqal yollarla keyfiyyətsiz məhsulların bazara daxil olması bu kateqoriya məhsullara inamı xeyli zəiflədib. Amma son illər bazara bu sahədə kifayət qədər təcrübəyə sahib peşəkar şirkətlər daxil olub. Həmin şirkətlərin köməyi ilə qısa zamanda şəhər və yol təsərrüfatındakı boşluğu doldurmaq olar”.
 

Ziya Rəhbərli onu da əlavə etdi ki, günəş enerjisi ilə çalışan işıqlandırma fənərlərinin istifadəsi böyük qənaətlə bərabər ənənəvi elektrik dirəklərindən fərqli olaraq həm rahat, həm də təhlükəsiz şəkildə quraşdırılır.


“Elektrik xətlərinin, infrastuktur işlərinin görülməsinə ehtiyac qalmır. Daxili sensorları sayəsində özləri hava qaraldıqda avtomatik işə düşür, işıqlı vaxtda sönürlər. Pult vasitəsilə işıqları müxtəlif rejimlərdə tənzimləmək imkanı da bu məsələdə əlavə üstünlükdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO