“Dəmir yumruq” abidə kompleksinin açılışı oldu - FOTO

“Dəmir yumruq” abidə kompleksinin açılışı oldu - FOTO

Hazırda oxunan: “Dəmir yumruq” abidə kompleksinin açılışı oldu - FOTO

96224

Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşən, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Gününün 2-ci ildönümü münasibətilə tədbir keçirilib, "Dəmir yumruq” abidə kompleksinin açılışı olub.

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev, Vətən müharibəsində xalqımızın yenilməzliyini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycan Silahlı Qüvvə­lə­ri­nin qüdrətini, zəfərimizi və şəhidlərimizin əziz xatirəsini tərənnüm edən “Dəmir yumruq” abidə kompleksinin açılışını edib. 

Daha sonra tədbirdə torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi Hərbi Orkestr tərəfindən “Təzim” marşının ifası ilə bir dəqiqəlik sükütla yad edilmişdir. 
General-polkovnik Elçin Quliyev tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərimizin təmin edildiyini vurğulamışdır. 

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilmişdir.
Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbiçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanmışdır. 

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində “Anım Günü”nün 2-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyi qeyd edilmiş, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilmişdir. 
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunmuşdur. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının vətəninə, xalqına və dövlətinə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilmişdir.

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanmış, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi olaraq bildirilimişdir. 

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur. 
Anım mərasiminin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Vətən Müharibəsinə həsr olunmuş “Dövlət xətti” sənədli filmini izləmişdir.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO