Eyni gündə şəhid olan AYRILMAZ dostlar – “Havadakı hüzn və həyəcan 2 il öncəki kimi idi...”

Eyni gündə şəhid olan AYRILMAZ dostlar – “Havadakı hüzn və həyəcan 2 il öncəki kimi idi...”

Hazırda oxunan: Eyni gündə şəhid olan AYRILMAZ dostlar – “Havadakı hüzn və həyəcan 2 il öncəki kimi idi...”

96102

Torpaqlarımıza qanı və canı ilə azadlıq gətirənlərin sırasında onların da imzası var.
Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan, ayrılmaz dostlar Zahir Manafov və Tərlan Amanəliyev.

Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 

İllər sonra Şamaxıya köçüblər və Zahir həmin rayonda boya başa çatıb. 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Uşaqlıqdan bir yerdə böyüdüyü, yeganə dostu, sinif yoldaşı və qonşusu Tərlan Amanəliyevlə birgə döyüşlərə qatılıb. Hər iki dost bir gündə müharibəyə gedib, bir yerdə xidmət edib və bir gündə də şəhid olublar. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tərlan 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. 

Zahir Manafov və Tərlan Amanəliyev oktyabrın 9-da Ağdərə və Suqovuşan istiqamətində şəhid olublar. Hər ikisi Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. 

Zahir də, Tərlan da ailəli idi. Zahirin özündən sonra 2 övladı yadigar qaldı. Tərlanın isə onu çox sevən həyat yoldaşı Ülviyyə...

Zahir Manafovun həyat yoldaşı Şahnaz Manafova Bizim.Media-ya şəhidsiz keçirdiyi 2 ilin nə qədər əzablı olduğunu qeyd edib:

“Bu iki ildə cox sey dəyişdi. Övladlarımız böyüyür, günlər kecir. İşləməyə başladım. Bir dəyişməyən mənim Zahirimə qarşı olan sevgimdi. Hər dəfə məzarı başında onun üçün çox darıxdığımı və sevdiyimi deyirəm. Inanımarm ki, səsimi eşidir və elə bil hər zaman məni görür. Bu gün xüsusilə ağır gündü. Səhər Şəhidlər Xiyabanına gedəndə havadaki hüzn, həyacan və qorxu 2 il öncədəki kimi idi. Hər dəfə yuxularıma girib mənə “güclü ol, başını dik tut” deyir. Mən də  məzarı başında ona söz verirəm ki, hər zaman başımı dik tutacağam və  övladlarımızı xəyal etdiyimiz kimi böyüdəcəyəm”. 

Tərlan Amanəliyevin həyat yoldaşı Ülviyyə Amanəliyeva isə ötən 2 ilin onunçün cəhənnəm olduğunu bildirib:

“Həyatdan çox küskün halda yaşayıram. Sadəcə nəfəs alıram. Sanki bu da mənə haramdır. Ruhən onunlayam. Onsuz keçirdiyim günlərim, aylarım ölümə bərabərdir. Acısı dözümsüz olsa da, Tərlanın məqamı ucadır. Onunla fəxr edirəm. Sağlığında da qürur duymuşam. Dünyaya bir yox, yüz dəfə gəlsəm, Tərlan kimi igidin halalı və xanımı olaram. Tərlan məni dünyanın ən xoşbəxt qadını  edib. İndi evin baş tacına qoyduğum divar boyda şəkilləri ilə danışıram”.
 

Ülviyyə Amanəliyevanın sözlərinə görə uşaqlıqda anasını itirən Tərlan ölümündən əvvəl “Watsapp” statusunda məzar şəkli paylaşaraq, bu sözləri yazıbmış: “Ana, səni bir dəfə görmək üçün bütün dünyanı verərdim...” Şəhidin arzusu gerçəkləşdi...


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zahir Manafov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə, Tərlan Amanaliyev isə  "Vətən uğrunda" medalları ilə təltif ediliblər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO