BMT Əhali Fondu və İnkişaf Agentliyinin Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı proqnozlaşdırılır. Həmçinin sözgedən məlumatda, 2050-ci ilə qədər əhali sayının nəinki 12 milyon nəfəri keçməyəcəyi, hətta həmin illərdən etibarən azalan tendensiya üzrə davam edəcəyi də qaçılmaz proqnoz kimi bildirilir.
Analoji problem həmçinin Avropa ölkələrini də öz ağuşuna alıb.
Belə ki, el arasında azərbaycanlılara bənzədilən italyanların da əhali sayı haqqında heç də ürəkaçan məlumatlar verilmir. İtaliyanın Milli Statistika İnstitutunun məlumatına görə, ölkədə əhalinin sayı 2070-ci ilə qədər 20 faiz azalacağı proqnozlaşdırılır. Bu isə əhalinin sayının indiki ilə müqayisədə 12 milyon azalması deməkdir.
Sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya açıqlamasında demoqrafik problemlə bağlı həyəcan təbili çalıb.
Onun sözlərinə görə, 1960-cı illərin ortalarında Azərbaycanda orta hesabla bir ailəyə 5-ə nəfərə qədər uşaq düşürdü, lakin indi:
“Təəssüflər olsun ki, ölkəmizdə də əhali sürətlə azalır. Yəni illik artım dinamikasına baxdıqda görəcəyik ki, 30 ildə əhali get-gedə azalıb. 1960-cı illərin ortalarında Azərbaycanda orta hesabla bir ailəyə 5-ə nəfərə qədər uşaq düşürdü. Lakin indi müqayisə edilməyəcək qədər çox azdı. İllik artım sayı da az faizlərdən ibarətdir. Bunun da mənfi tərəfləri kifayət qədərdir və təxmin edin ki, ölkədə əksər şəxs təhsil almaq və yaşamağa görə, ölkəni tərk edir. Həmçinin dünyaya gətirilən uşaq sayında da azalma olduqda iki qat problem yaranır.
Eyni zamanda sözügedən vəziyyət ölkədə xaricdən gələn miqrantların sayını da artıra bilər. Bununla da əhalinin etnik tərkibi dəyişə və gələcəkdə milli kimlik, mədəniyyət həmçinin mənəvi inkişaf üçün təhlükli şərait yaranması qaçılmaz hesab edilir”.
Ekspert bildirir ki, hazırkı duruma görə, hər ailədə minumum 3 uşaq şərtdir:
“Təşviqat aparmaq, çoxuşaqlılığa həvəs yaratmaq üçün dövlətin üzərinə böyük məsuliyyət düşür və bununla bağlı ailələrə xüsusi qayğı göstərməlidir. Həmçinin Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu məsələdə böyük işlər görməli və ölkənin demoqrafik siyasəti təkmilləşdirilməlidir. İndiki tendensiya ilə davam etsək, 10-15 ildən sonra ölkədə xoşagəlməz demoqrafik problemlərə şahid ola bilərik”, - deyə Ə.Qəşəmoğlu açıqlamasında bildirib.
Səkinə Yusibli, Bizim.Media