Azərbaycana oxumaq üçün gələn ƏCNƏBİLƏRİN STATİSTİKASI nə deyir? – Ekspertdən AÇIQLAMA

Azərbaycana oxumaq üçün gələn ƏCNƏBİLƏRİN STATİSTİKASI nə deyir? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycana oxumaq üçün gələn ƏCNƏBİLƏRİN STATİSTİKASI nə deyir? – Ekspertdən AÇIQLAMA

95454

Xarici tələbələr nədənsə Azərbaycan ali təhsil ocaqlarında oxumağa o qədər də meyl etmir. Bunu mövcud statistikadan da görmək olar. Belə ki, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449, 2021-2022-ci tədris ilində isə cəmi 7332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan universitetlərində təhsil alıb.

Son tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb. 

Bu göstərici təhsil alan xarici tələbələrin müəyyən qədər artdığını göstərsə də, ümumi götürəndə həmin rəqəmlər Azərbaycanın mövcud potensialından qat-qat azdır.

Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədovun fikrincə, əcnəbi vətəndaşların Azərbaycan universitetlərində təhsil almağa ciddi meyl etməməsinin kökündə ölkəmizdə təhsilin keyfiyyətinin aşağı olması, qeydiyyat şərtlərinin çətin, təhsil haqqının yüksək, yataqxana imkanları və fərqli dillərdə tədris imkanının olmaması kimi amillər dayanır:  

“Bu il ölkəmizdə oxuyan əncəbi tələbələrin sayında müəyyən artım olsa da, onlar əsasən dövlət proqramı çərçivəsində gələnlərdir. Azərbaycan iqtisadi və siyasi potensialına görə, çox az sayda xarici ölkələrdən tələbə qəbulu həyata keçirir. Ərazisi Bakının yarısı qədər olan Sinqapurun iki universitetində xaricdən 180 min tələbə oxuyur. Burada təhsil haqqı 700-800 dollardır. Türkiyənin 206 universitetində 190 min xarici tələbə təhsil alır. Tək Türkiyənin Çorum şəhərindəki universitetə gələn əcnəbi tələbələrin sayı Azərbaycana gələnlərin sayından çoxdur”. 

Həmsöhbətimiz qeyd edir ki, xarici tələbələrin oxumaq üçün başqa ölkəyə axınına 3 amil təsir edir: 

“Qəbul şərtləri, qeydiyyatın asan və təhsil haqqının aşağı olması. Azərbaycana ona görə gəlmirlər ki, xarici ölkə vətəndaşının ölkəmizdə oxuması üçün təhsil haqqı aşağısı 5 min manatdır. Türkiyədə İzmirdəki universitetlərdə 600-800, Çorumda 300-400 manatdır. 
Ölkəmizdə əcnəbinin ən ucuz kirayə qalacağı yer paytaxt kənarında 600-700 manatdır. Türkiyədə isə yataqxana xidməti gündə iki dəfə pulsuz yemək olmaqla ayda 200 manatadır. 
 

Azərbaycanda universitetlərdə fərqli dillərdə tədris zəifdir. Türk dilində təhsil verə biləcəyimiz universitet yoxdur. 51 universitetin ancaq 4-də ingilis dilində normal tədris həyata keçirilir. Sadə qeydiyyat və qəbul şərtləri olmalı, təhsil haqqı aşağı salınmalı, yataqxana imkanları artırılmalı, fərqli dillərdə tədris imkanları verməliyik”. 


Ekspert şəxsən özünün bir il ərzində bu rəqəmi 7300-dən 15 minə qaldıra biləcəyini deyir: 

“Bu istiqamətdə tərtib etdiyim layihəni dəfələrlə nazirlik nümayəndələrinə təqdim etmişəm. Ortada heç nə yoxdur. Kifayət qədər xarici vətəndaş şəxsən mənə Azərbaycana oxumağa gəlmək istədiyini bildirib”.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin münasibətini öyrənmək cəhdimiz isə alınmadı. Dəfələrlə qurumun mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən olmadı. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO