Rəsmi statistikaya əsasən 2005-ci ildə uşaqlar ölkə əhalisinin 31,8 faizini təşkil edirdisə, 2021-ci ildə bu göstərici 25,7 faiz olub. Göründüyü kimi son 15 ildə əhalinin sayında uşaqların payı 6 faizdən çox azalıb. Bu isə ciddi narahatlıq doğurur.
Problemin digər tərəfi ondan ibarətdir ki, uşaqların sayının azalması ilə bu sahəyə göstərilən tibbi xidmətin də həcmi kiçilir.
Beləki, 2005-ci ildə ölkəmizdə pediatrların sayı 4323 nəfər idisə, 2021-ci ildə bu rəqəm 3206 olub. Eləcə də, uşaq sanatoriyaların sayı 18-dən 12-yə, uşaq poliklinikaların, ambulatoriyaların və uşaq şöbələrinin sayı 602-dən 230-a qədər azalıb.
Demək, artıq narahat həyəcan təbili çalmağın zamanı gəlib. Bu gün əksər ailələrdə bir uşaq böyüyür. 3 uşaqlı ailələri bəlkədə barmaqla saymaq olar. Bütün bunlarsa ailə institutunun güclü zərbə aldığına işarədir.
Məsələ ilə bağlı tanınmış həkim Vaqif Qarayevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında təqdim olunan statistikanın ikinci hissəsində qəribə heç nə yoxdur.
Uşaq sayı azaldıqca, təbiidir ki, xidmət sahəsi də azalır. Burda təəccüblü uşaqların sayının sürətlə azalmasıdır:
“Uşaqların azalmasının da səbəbləri çoxdur. Bunun həm sosial-iqtisadi, həm də mənəvi-psixoloji səbəbləri var. Məsələn, mən hər gün boşanma haqqında xəbərlər oxuyuram. Vəziyyət böhran həddinə çatıb. Rəqəmlərə inansaq biz Rusiyanı keçmişik. Ailə qururlar, bir-iki aydan sonra boşanırlar. Təbii ki, bu vəziyyətdə uşaq olmuyacaq. Bu gün ailə institutunun dayanıqlılığının pozulması ciddi şəkildə araşdırılmalıdır. Boşanmalar niyə bu qədər artıb? Hamı sosial problemi önə çəkir. Amma bu səbəblərdən biridir”.
Vaqif Qarayev onu da əlavə etdi ki, Avropada gecikmiş nigahlar problemi var:
“Qadınlar əsasən 35 yaşından sonra ailə qururlar. Nəticədə, həmin qadınlar keyfiyyətli uşaq dünyaya gətirmirlər. Bizdə isə iki problem yanaşıdır, bir qisim gecikmiş nikaha üstünlük verir, müxtəlif səbəblərdən, sonra uşaq doğa bilmir.
Bir qismi isə erkən nigahlara meyillidir. Praktika göstərir ki, erkən nigaha girənlərin də çoxu uşağa qalmır. Qalanlarınsa əksəriyyəti dünyaya sağlam uşaq gətirə bilmir. Patologiya ilə doğulur. Belə uşaqların da yaşama ehtimalı həddindən artıq azdır. Bu da uşaq doğumunun azalmasının bir səbəbidir. Biz müsəlman dövlətiyik. Ənənələrə görə bizdə uşaqlar bu dərəcədə azala bilməz. Təşviş yaratmaq istəmirəm, amma vəziyyət heç də yaxşı deyil”.
Surxay Atakişiyev, Bizim.Media