Fərid göyərçinləri çox sevirdi. Yaşadıqları evin həyətində saxladığı göyərçinləri saatlarla yemləyər, ağappaq quşların əhatəsində özünü çox xoşbəxt hiss edərdi.
Hərdən onlardan bir neçəsini tutub səmaya atar və söylərdi ki, “Uçun, sizə azadlıq və sülh daha çox yaraşır”.
Atası quş uçurtmağa olan həvəsinin onu dərslərdən geri saldığını düşünərək, bir neçə dəfə quşları satmaq istəyib, amma Fərid yalvar-yaxar edib satmağa qoymayıb. Əsgərliyə gedəndə isə quşları məhlədəki dostlarına əmanət edib.
Bunları bizə şəhidimiz Fərid Quliyevin yaxınları danışdı.
Azadlıq və sülh aşiqi olan Fərid Quliyev sentyabrın 12-13-də sərhəddə erməni təxribatının qarşısını alarkən şəhid olub. Sentyabrın 16-da isə doğulub böyüdüyü Qaradağ rayonu Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dostları deyir ki, Fərid bir ay əvvəl onlara zəng edib demişdi ki, sentyabrda qayıdacaq, məzuniyyətə gələcək. Amma bərk-bərk tapşırıb ki, valideynlərinə deməsinlər, sürpriz etmək istəyir.
Oldu. Fərid atası-anası üçün həyatının ən böyük sürprizini etdi. Sentyabr ayında üçrəngli bayrağımıza bürünmüş şəkildə evinə döndü.
Fəridin anası Vüsalə Quliyeva ilə görüşəndə ona təsəlli vermək istədim, amma ana qayıtdı ki, “Bala, ŞƏHİDLƏR ÖLMÜR”.
Vüsalə ana Fəridin məktəb şəkillərini qarşımda varaqlaya-varaqlaya danışdı ki, oğlum həmişə "mən sənin canavar balanam" deyirdi mənə. Yaxınlarımız, dostları da Fəridi "canavar" deyə çağırardılar.
2003-cü ildə Lökbatan qəsəbəsində anadan olan şəhid Quliyev Fərid Vahid oğlu qəsəbədəki 166 nömrəli məktəbi bitirib. Uşaqlıqdan hərbi geyimlər geyinməyə, güc strukturunda çalışmağa həvəsli olub. Evdəkilərə də söyləyib ki, hərbi xidmətdən qayıtdıqdan sonra Fövqaladə Hallar Nazirliyində işə düzəlmək üçün sənəd verəcək.
Vüsalə Quliyeva deyir ki, Fəridin çox həlim xarakterli olsa da ötkəmliyi də vardı:
“Əsgərliyə getməmişdən bir ay öncə əzələlərini gücləndirmək üçün xüsusi qidalarla da bəslənməyə başlamışdı. Oğlumun bunları etdiyini gördükdə ona dedim ki, bəlkə əsgərliyə getməyə qorxursan? O isə mənə ötkəm şəkildə qayıtdı ki, qorxmaq nədir, ora igidlik göstərib, ad qazanmağa gedirəm".
Şəhidin bacısı Narıngül Quliyeva isə onu qeyrəti ilə xatırlayır:
"Mən Fəriddən yaşca böyük olsam da, tez-tez sinif otağımın ətrafında gəzər, mənə dəyib dolaşan birinin olub-olmaması ilə maraqlanardı. Ətrafımda mənə yan gözlə baxan birini görsəydi onu Fəridin əlindən heç kim ala bilməzdi. Bəzən onun bu hərəkətlərindən bezib ağlayardım. O qədər təmiz ürəyi vardı ki, dözməyərək öz əlləri ilə göz yaşımı silər, mənə təskinlik verərdi. Fərid təkcə mənim yox, bütün ailənin sevinci, gülən gözü idi. İndi mən təkcə yeganə qardaşımı yox, ən yaxın dostumu, sirdaşımı itirmişəm".
Bibisi Aynurə Rufullayeva isə Fəridi çox şən, istiqanlı bir övlad olduğunu deyir:
"Qapıdan içəri girən kimi mənim üçün "Bibi-bibi, can bibi" mahnısını oxumağa başlayardı. Həmişə qucaqlayıb boynumdan öpərdi”.
Atası Vahid Quliyev isə oğlu haqqında çox danışa bilmir, qəhər boğur. Gözünü bizdən yayındırıb həyətdə ağappaq qanadlarını çalaraq uçuşan göyərçinlərə zilləyir, deyir ki, balamın əmanətidir:
“Bundan sonra öz əllərimlə bəsləyəcəyəm, onun göyərçinləri əmanət etdiyi dostları da bu əziz mirası qoruyacaqlarına söz veriblər”.
İndi Fəriddən sonra bu həyətdə ağappaq göyərçinlər uçuşur. Fəridin sinəsində boğulmuş güllə səsini eşitmədən asudə və azad!
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 19.09.2022
Atası göyərçinləri satmaq istəmişdi... - "Canavar" ləqəbli şəhid Fərid Quliyevin HƏYAT HEKAYƏSİ - FOTO/VİDEO
Hazırda oxunan: Atası göyərçinləri satmaq istəmişdi... - "Canavar" ləqəbli şəhid Fərid Quliyevin HƏYAT HEKAYƏSİ - FOTO/VİDEO
Hazırda oxunan: Atası göyərçinləri satmaq istəmişdi... - "Canavar" ləqəbli şəhid Fərid Quliyevin HƏYAT HEKAYƏSİ - FOTO/VİDEO
94609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.