Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahının qızıl axtarışı məqsədilə talan edilməsi məsələsi aktual olaraq qalır.
Qeyd edək ki, qanunsuz qazıntı işlərinin aparılmasında ziyarətgahda abadlıq işləri ilə məşğul olan Namiq Şahmalıyev ittiham olunur və hazırda Pentensiar Xidmətin istintaq təcridxanasında saxlanılır.
Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Bizim.Media-ya daxil olan məlumata görə təqsirli bilinən Namiq Şahmalıyev məhkəmə iclaslarından birində günahsız olduğunu iddia edib və əslində qazıntını sifarişlə həyata keçirdiyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Şəkidəki Pir Baba ziyarətgahını TALAN edən kimlərdir? – “Qızılaxtaranlar peyda olub” - ARAŞDIRMA
Ona qazıntılara görə 120 min manat pul vəd edildiyi, sonradan isə aldadılaraq ödənilmədiyini bildirib. Amma sifarişi verənin adını çəkməyib və beləliklə qalmaqallı hadisənin əsl təfərrüatları ortaya çıxmayıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizim.Media-ya açıqlamasında məhkəmədə nələrin baş verdiyi barədə məlumatı olmadığını bildirib:
“Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Bildiyim qədərilə hələlik barəsində hökm oxunmayıb”, - deyə Mahir Mənsimov əlavə edib.
Qeyd edək ki, Cumakəndin 47 sakininin iddiasıa görə əslində türbəni və orada olan tarixi qəbrləri qızıl axtarmaq məqsədi ilə yararsız hala salanlar Cumakənd kənd ərazi nümayəndəsi Mustafa Əliyevlə ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur.
Xatırladaq ki, Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qızıl axtarışı ilə bağlı qanunsuz qazıntı işləri aparılıb.
Görüntülərdə türbənin sahibinin qəbrinin yandan qazıldığı, daha sonra naməlum səbəbdən qazılan çalanın doldurulduğunu əks etdirən kadrlar var.
Alçina Amilqızı, Bizim.Media