Ermənistan tərəfinin sentyabrın 13-ü gecə saatlarında başlatdığı təxribatlar sərhəddə növbəti toqquşmalara gətirib çıxardı. Nəticədə, ilkin rəsmi məlumata görə 50 hərbi qulluqçumuz şəhid oldu. Artıq iki gündür ki, ölkənin bir çox bölgələrində şəhidlərlə vida mərasimi keçirilir, Vətən uğrunda şəhadət şərbəti içən oğullarımız son mənzilə yola salınır.
Məqsəd də eyni, ssenari də...
İçərisində zərrə qədər vətən, millət sevgisi olanlar bu mənzərəni kədərlə izləyir, düşmənə lənətlər yağdırır. Amma təəssüflər olsun ki, əsgərlərimizi canından edən tətiyi çəkənlər qədər xalqımıza düşmən olan ünsürlər şəhidlərin cənazəsinə də ayaq açıblar.
Bəli, söhbət cənazə mərasimlərini siyasi oyun səhnəsinə çevirməyə cəhd edən qrupdan gedir. Artıq bir neçə şəhid dəfnində oxşar mənzərəyə şahidlik etmişik; bir qrup ünsür fars mərsiyələri ilə camaatın həssas duyğularından istifadə etməyə çalışır. Sanki, elə bir təəssürat yaranır ki, bunlar daha çox şəhidimizin olmasını istəyirlər ki, təbliğatlarını aparmaq üçün fürsət əldə etsinlər.
Təbii ki, məsələnin dini tərəflərindən danışmaq bizə düşməz. Burada doğrunu da, yanlışı da ən yaxşı ilahiyyatçılar bilir.
Lakin burada siyasi oyunun olduğunu görməmək üçün də sadəlövh olmaq lazımdır, axı. Çünki bütün mərasimlərdə ssenarinin eyni cür olduğu aydın görünür:
Əvvəlcə, bir nəfər dini şüarlar qışqırmağa başlayır. Daha sonra digər tərəfdən, onun səsinə səs verən tapılır. Eyni formada 3-4 nəfər eyni mərsiyəni oxumağa başladıqdan sonra tipik kütlə psixologiyası öz işini görməyə başlayır və toplananlar içərisində eyni şüarları getdikcə daha çox şəxs oxumağa başlayır. Lakin cənazədə edilənlər onlar üçün yetərli deyil. Daha sonra həmin şəxslərin şəhid ailələrini müntəzəm ziyarətləri başlayır. Gözü qan yaşlı olan ailə nə etsin?
Onlara ən azı təsəlli, ürək-dirək verən insan lazımdır. Bu vəsilə ilə həmin ünsürlər bacardıqları qədər şəhid yaxınlarını öz sıralarına daxil edə bilirlər. Sonra da onları təxribatlara cəlb edir, özləri də cəmiyyətin həssas yeri olan şəhid analarının arxasında gizlənirlər.
Din pərdəsi arxasında gizlənənlər
Təbii ki, həmin şəxslərin İran müctəhidlərini təqlid etdiyini görməmək mümkün deyil. Digər tərəfdən, İrana sığınmış daxilimizdəki satqınların sosial şəbəkə hesablarının, kanallarının bu yöndə çağırışlarını, təbliğatını gördükdə bütün bunların dinlə bəzədilməyə çalışılan siyasi oyun olduğu aydın görünməyə başlayır.
Bu qruplar Azərbaycan dövlətinə düşməndirlər, onların tək arzusu “kərimə” quruluşu yaratmaqdır. Eynən İranda olduğu kimi. O, İran ki, bu gün əsgərlərimizin qanı ilə sulanan Zəngəzuru Sünik adlandırıb, özünə “qırmızı xətt” elan edib. İran dövlətinin erməni qardaşlığını təkrarən sübutlarla yazmağa ehtiyac yoxdur, çünki bunlar hamısı gözümüzün önündə baş verib, eynilə bu gün cənazələr üzərindən oynanan oyunlar kimi...
Bu istiqamətdə dövlət qurumları öz işini görəcək. Daxili İşlər Nazirliyi də açıqlama yayaraq, şəhid cənazəsində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalara başlayıb.
Zənnimcə, bu oyunların qarşısını almaq, alət olmamaq üçün təbliğata ürəyi dözməyən şəhid anasının bu sözləri hər birimizin qulağına sırğa olsa, yetərlidir:
"Hüseynə də qurban, başqa imamlara da, amma bugün ölən mənim oğlumdur, onun adını çəkin. Məndən dindarı yoxdur, ancaq bugünün şəhidlərinə ağlayın! Gözünüzlə gördüyünüz şəhidə ağlayın! Bir gün də Elvinim deyin, Əkbərim deyin! Bugün mən öz oğluma, başqa şəhidlərə yanıram, xətrinizə dəyməsin, bu ürək hazırda ancaq öz balam üçün yanır, onun adını çəkin".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 15.09.2022
Şəhid cənazələrinə ayaq açan İYRƏNC TƏBLİĞAT – Cəmiyyətin həssaslığından istifadə edənlər KİMLƏRDİR?
Hazırda oxunan: Şəhid cənazələrinə ayaq açan İYRƏNC TƏBLİĞAT – Cəmiyyətin həssaslığından istifadə edənlər KİMLƏRDİR?
Hazırda oxunan: Şəhid cənazələrinə ayaq açan İYRƏNC TƏBLİĞAT – Cəmiyyətin həssaslığından istifadə edənlər KİMLƏRDİR?
93972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.