Ailəsizlik, kimsəsizlik ağırdır. Onların da qayğıya, sevgiyə, arzularını reallaşdıracaq dayağa ehtiyacları var idi. Kimsə onları tanımadı, bilmədi. Vətən həm onların anası, həm də atası oldu...
Sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olanlar arasında valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov da var.
Şəhidimiz SOS uşaq evində böyüyüb. Körpə yaşlarında valideynlərini itirib və qardaşı Sənan Əhmədovla birgə uşaq evinin sakini olub. Qardaşının bildirdiyinə görə hər zaman vətəni qorumaq üçün yanıb tutuşub və hərbi xidmətə yollananda “mənimlə fəxr edəcəksən” deyib.
Bəli, bu gün Azərbaycan torpaq uğrunda canını fəda etmiş bütün qəhrəmanları ilə fəxr edir və qürrələnir!
Bizim.Media arzularını torpağa bağlayaraq vətən uğrunda tarix yazan kimsəsiz şəhidləri araşdırıb. O şəhidlər ki, yaralı olanda da canlarını deyil, vətəni düşünüblər...
MÖVZU İLƏ BAĞLI:
Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB
Yeganə istəyi döyüşlərdən üzüağ çıxmaq idi. Son nəfəsini azad olunan xarı bülbülün torpağında verən 23 yaşlı şəhidimiz Əli Əliyev!
Yaşadığı Qobu qəsəbəsində hər kəsin hörmətini qazanmışdı. Cəsur, ədalətli və təmiz qəlbli idi...Hər iki valideynini itirən Əlinin qonşuları ona həm ana, həm də ata əvəzi olublar. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid xəbəri onu o qədər sarsıtmışdı ki, qisasını almaq üçün vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə atılır.
İgidimizin son döyüşü Şuşa ətrafında olub. Yaralı olduğu halda düşmənlə sona qədər mübarizə aparıb. 2020-ci il noyabırın 3-də 23 yaşlı igidimiz düşmən tərəfindən atılmış mərmi nəticəsində şəhidlik zirvəsinə ucalır.
Qobu qəbiristanlığında uyuyan Əli Əliyev ölümündən sonra ''Vətən uğrunda'' medalına layiq görülüb. Qəhrəman Əlimiz indi yalnız Qobu camaatının deyil, hər bir azərbaycanlının övladı olaraq yad edilir.
II Qarabağ şəhidimiz Əmrah Rəcəbov da uşaq evinin yetirməsi olub. Vətən müharibəsində itkin düşən şəxslərin siyahısında yer alan Əmrahın nəşi bir müddət sonra tapılır. Kimsəsiz Əmrahın son mənzilə yola salınması üçün bütün Gəncəlilər səfərbər olur.
Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilib.
Məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağırılıb.
İkinci Qarabağ müharibəsinin başlamasından sonra Füzuli əməliyyatına cəlb olunub və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak edib. 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub.
Qeyd edək ki, döyüş meydanından çıxardığı yoldaşı da onun kimi, dövlət himayəsində böyümüş Nicat Salahov olub.
Nicat yaralı halda xəstəxanaya yerləşdirilsə də, müalicəsini tam bitirmədən silahdaşı Əmrahın qisasını almaq üçün yenidən cəbhəyə yollanıb. Ancaq təəssüf ki, Nicat Salahov da Şuşa şəhərində şəhid olub.
Nicat Salahov Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məzunlar evinin sakini olub. Uşaq evində böyümüş Nicat və Əmrahın şəhidlik zirvəsinə ucalmalarında 1 ay fərq olub.
Alçina Amilqızı, Bizim.Media