Bakı yenidən tıxac məngənəsindədir və proqnozlara görə, sentyabrın 15-dən bu günə qədər gördüklərimiz toya getməli olacaq.
Ekspertlərin belə qənaətə gəlməsinin üç səbəbi var:
1. Artıq şəhərin ictimai nəqliyyat sektoru çöküb.
2. Urbanizasiya prosesi son illərdə daha da artıb.
3. Müharibələr və pandemiya ölkəyə geri dönənlərin sayını artırıb və quru sərhədlərinin bağlanması isə ölkədən çıxmaları son dərəcə aşağı salıb.
Sentyabr ayının 15-dən cəhənnəm tıxaclarının yaranacağı proqnozu isə yeni tədris ilinin başlanması ilə əlaqədardır. Yuxarıda qeyd olunan 3 amili nəzərə alaraq nəqliyyat üzrə ekspertlər problemi yaradan digər səbəblərdən də danışıblar:
Ekspert Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamsında Bakıda tıxaclara səbəb kimi başqa faktoru da göstərib:
“Yollar daraldılıb, yol kənarlarında ayaq basmağa yer saxlamayıblar. Düz kəndara kimi binaları tikib, yolları keçilməz ediblər. Bunun müqabilində şəxsi avtomobillərin sayı daha da artıb, ictimai nəqliyyata heç kim etimad göstərmir. Çünki avtobuslar arasında interval çox böyükdür.
Gözləyən sərnişin avtobusun nə zaman və neçə dəqiqədən sonra gələcəyi barədə heç bir məlumatı olmur. Və yaxud onun gözlədiyi marşrutda neçə avtobusun olduğunu da bilmir. Ona görə də vətəndaşlar ictimai nəqliyyatdan az istifadə edir. Bu da nəqliyyat sıxlığına səbəb olur. Tıxacların qarşısını az-çox dərəcədə allmaq üçün marşrutdakı avtobusların sayı təcili artırılmalıdır. Sərnişindaşımada xidmətin keyfiyyətini artırmaqla tıxacların qismən qarşısını almaq olar”.
MÖVZU İLƏ BAĞLI:
Sübh tıxaclarının SƏBƏBİ - Qadağanı pozan yük avtomobillərinə niyə NƏZARƏT YOXDUR?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da tıxac probleminin həllinin ilk növbətə ictimai nəqliyyatın normal fəaliyyətindən keçdiyini bildirdi:
“Bu məsələdə ən optimal variant ictimai nəqliyyatın inkişafıdır. Təəssüf ki, Bakıda ictimai nəqliyyatın inkişafı çox ləng gedir. Bu iş BNA-ya həvalə olunduqdan sonra böyük inkişaf gözlədiyimiz halda, çox təəssüf ki, uçuruma gedən bir sistem görürük. BNA bu vaxtadək elan edirdi ki, gündəlik 2200-2300 avtobus xəttə çıxır. Amma hesablamalar onu göstərir ki, gündəlik heç 1200 avtobus xəttə çıxmır. Konkret olaraq Bakubasın 715 avtobusu var. Onun 300-ü Hesablama Palatası tərəfindən aşkar olundu ki, istismara yararsız vəziyyətdədir. Yerdə qalır 415 avtobus. Mənim əldə etdiyim məlumata görə gündəlik 250-300 avtobus xəttə buraxılır.
Digər daşıyıcı şirkətlər də tənəzzülə uğramaqdadır. Çünki, yanacağın qiyməti bahalaşandan sonra ictimai nəqliyyatda qiymət artımı olmadı. Şirkətlərə dotasiya və yaxud digər ciddi dəstək verilmədiyinə görə həmin şirkətlər çətin duruma düşüb”.
Elməddin Muradlı onu da əlavə etdi ki, indiki halda insanlar şəxsi avtomobilə daha çox üstünlük verirlər və bir də taksiyə:
“Bu gün adamlar var ki, evini satıb gedib 20-30 “Prius” alıb, buraxıb xəttə... Nəticədə ictimai nəqliyyat çökür. Taksi çoxalır. Keyfiyyətsə aşağı düşür. Sanki, bir proses gedir ki, ictimai nəqliyyatı taksi ilə əvəz eləsinlər. Belə olmaz. Bu məsələdə vahid yanaşma, strategiya olmalıdır. Görünən odur ki, sentyabrın 15-dən sonra vəziyyətimiz çox pis olacaq”.
Surxay Atakişiyev, Bizim.Media