“Türkiyə f-16-ları təkrar Azərbaycanda, nazir orduya “hazır ol” əmri verdi”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Azər Ayxan özünün facebook hesabında paylaşım edib.
Azərbaycanın 100 illərə bəs edəcək qələbəsinə rəğmən millətin narazı olmasını qəbul etmədiyi bildirən redaktor bunun inkişafdan qalma ilə nəticələnəcəyini bildirib.
“Ortada Azərbaycanın 100 illərə bəs edəcək qələbəsi var, baxıram, hamı narazıdır. Narahat olaq, amma narazı olmayaq. Narazılıq enerjini sovurub aparır. Millət hər şeydən narazılıq edəndə, inkişafdan qalır. Dəxli oldu, olmadı, bu gün hamı hər kəsdən, hər şeydən narazılıq edir. Pulu olan da, olmayan da, varlı da, kasıb da, burda yaşayan da, Avropaya köçən də - azərbaycanlı hər şəraitdə, hər məkanda, hər coğrafiyada narazıdır.
O bildirib ki, etiraz etməsinə səbəb insanların sosial problemlərdən olan narazılığı deyil.
“Mən sosial problemlərlə bağlı olan narazılığı demirəm. Pensiya, müavinət, uşaq pulu və s. məsələləri qəsd etmirəm. Bahalıq deyinmələrini, narazılıqlarını da bura qatmıram. Sırf Qarabağ, işğaldan azad edilən və ediləcək torpaqlar üzərinə aparılan mübahisələri, bu mövzuda qalanan narazılıq tonqallarını nəzərdə tuturam”.
Redaktor paylaşımında 44 günlük Vətən müharibəsindən də söhbət açıb.
Hamının Qarabağdan, işğaldakı torpaqlardan əlini üzdüyü vaxtda dövlət Vətən müharibəsinə qərar verdi. İşğaldakı əraziləri düşməndən geri almaq millətsiz mümkün deyil. Müharibəni dövlət başladar, dövlət yönəldər, fəqət savaşın taleyini xalq həll edər. Əslində Azərbaycan cəmiyyəti Tovuz döyüşləri başlayan kimi savaşa qərar vermişdi. Bütün ölkə Tovuzun Ağdam kəndinə toplaşdı. Minlərlə insan səfərbərlik idarələrinə gedib, orduya könüllü yazıldı. Dövlətlə millətin qərarı üst-üstə düşdü, addımları paralel getdi, arzusu, istəyi bir oldu, ona görə də Azərbaycan qələbə qazandı. Bu səbəbdən düşmənin başını əzə bildik, Şuşaya bayraq sancmağı bacardıq”.
Azər Ayxan bütün Qarabağ, işğaldan azad edilən digər ərazilərin böyük tikinti meydançasına döndüyü bir vaxtda düşmən mövqedə duranların bu layihələri gözdən salma cəhdlərindən yazıb.
“Ötən ilin bu günləri Füzuli aeroportunun açılışı haqda yazırdıq. Test uçuşunu həyata keçirən təyyarənin eniş-qalxış manevrlərini paylaşırdıq. Aeroportun pistini gələcəyə uzanan yol kimi görürdük. Ayda bir neçə dəfə Bakıdan qalxan təyyarələr Füzuliyə enir, sərnişinlər ordan Şuşaya qalxır. Həmin vaxt bəziləri bu vacib və nəhəng layihəni gözdən salmaq üçün klaviaturanın, kameranın qarşısında yatırdılar.
İndi də Zəngilan aeroportunun açılışına hazırlıq görülür. Test uçuşları həyata keçirilir. Açılışa hazırlanır. Tezliklə istifadəyə veriləcək. Laçında tikilməkdə olan hava limanında da işlər davam edir. Düşmənin azərbaycanca danışan dilləri bu layihələri gözdən salmaq üçün növbəyə dayanıblar. Bu, Azərbaycanın indisinə, sabahına açılan savaşdı, vurulan söz yaralarıdır”.
O, bir çox ekspertlərin mövzu barədə məlumatsızlıqdan irəli gələrək etdikləri çıxışların xalqda ümidsizlik yaratdığını qeyd edib.
İnternet tv-lərə çıxan bir çox ekspertlərə baxdıqda, adama elə gəlir, düşmən Nəvahiyə dirənib, bütün ölkə işğal edilib, təkcə Bakı qalıb. Paytaxtımızı da bu gün sabah işğal edib, bizi qıracaqlar. Mövzunu bilən, bilməyən, proseslər haqda məlumatı olan, olmayan hər kəs çıxıb neqativini millətin, dövlətin üstünə səpələyir. Ümidsizlik yaradırlar. Dövlətin əlinə, ayağına dolaşırlar. Millətin gələcəyə olan inancına haram qatırlar.
O həmçinin bildirib ki, Ukrayna ordusunun bir kəndi ruslardan azad etməsi haqda sutkada 5 status, 8 foto paylaşan bəzi azərbaycanlılar Laçın şəhərinin, Zabux və Sus kəndlərinin düşməndən geri alınması, “Qisas” əməliyyatı barədə ya heç nə paylaşmırlar, ya da bu prosesləri ölkəmizin mənafeyinin ziddinə kimi təqdim etməyə çalışırlar.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hər bəhanədə tənqid və hətta təhqir edənlər onun Füzuliyə, Şuşaya səfərləri barədə kəlmə kəsmirlər. Türkiyə siyasətçilərinin, hərbçilərinin ölkəmiz üçün nələr etdiyini görməzdən gəlirlər.
Türkiyə hər şeyi ilə Azərbaycanda ola-ola Qarabağdakı 1960 nəfərlik Rusiya sülhməramlılarından qoşun düzəldib üstümüzə qorxudan, vahimədən, ümidsizlikdən hücum çəkir bəzi ekspertlər, politoloqlar, sosial şəbəkə fenomenləri”.
O, Türkiyə ilə Azərbaycan hərbçilərinin birgə təlimlərinin davam etdiyini xatırladıb.
“Bu, bizim ölkə və xalq olaraq qarantımızıdır. Ən əsas, NATO-nun ən güclü ordularından olan Türkiyə ordusunun zabitlərinin, mütəxəssislərinin bizim hərbçilərə təlim keçmələri gələcəyimiz üçün çox mühümdü. 20-25 il öncə Türkiyədə təlim kursları keçmiş hərbçilərin Vətən müharibəsi dövründə necə böyük rol oynadıqlarını gördük. Rusiya hərbi sisteminin ordumuzun tərkibindəki bir çox yetirmələrinin isə 30 ildir Azərbaycana hansı xainlikləri etdikləri də göz önündədir”.
“Bu gün Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib”, - jurnalist bildirib.
Sonda Azər Ayxan savaşın bitmədiyini, Azərbaycanın 3 cəbhədə savaşdığını vurğulayıb.
“Savaş bitməyib. Davam edir. Azərbaycan üç cəbhədə savaşır – hərbi, diplomatik və bir də düşmənin dilimizdə danışan sosial şəbəkə “qoşunu” ilə. Bunun paralelində Qarabağ yenidən qurulur - yollar, tunellər çəkilir, qəsəbələr salınır, binalar tikilir, infrastruktur sıfırdan yaradılır, su, elektrik, qaz xətləri yenilənir.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyini inşa edir. Artıq biz bunu gündəlik, sıradan iş kimi qəbul edirik. Əslində isə nəhəng proseslər həyatımızdan, yanımızdan üzü gələcəyə keçir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:09 / 10.09.2022
"İnternet tv-lərə çıxan bir çox ekspertlər çıxışları ilə xalqda ümidsizlik yaradırlar" – Azər Ayxan
Hazırda oxunan: "İnternet tv-lərə çıxan bir çox ekspertlər çıxışları ilə xalqda ümidsizlik yaradırlar" – Azər Ayxan
Hazırda oxunan: "İnternet tv-lərə çıxan bir çox ekspertlər çıxışları ilə xalqda ümidsizlik yaradırlar" – Azər Ayxan
93122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.