Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Hazırda oxunan: Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

93079

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının sentyabrın 12-dən 19-dək keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, AŞPA-nın Siyasi işlər və demokratiya, Monitorinq və Bərabərlik və qeyri-diskriminasiya komitələrinin iclasları Fransanın Paris şəhərində, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası isə Yunanıstanın Afina şəhərində keçiriləcək.

AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin 12-13 sentyabr, Monitorinq komitəsinin 14-15 sentyabr tarixlərində keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcəklər.
Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub.

Monitorinq komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitorinq prosedurları ilə bağlı məsələlərə baxılacaq.

İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Parisdə sentyabrın 16-da keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək.

İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək.

Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 18-19 sentyabr tarixində Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar.

İclasın gündəliyinə miqrasiya və sığınacaqların verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda deputat Nigar Arpadarainin "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir.
AŞPA-nın komitə iclaslarında həmçinin, əvvəlki iclasların protokolları təsdiqlənəcək, Avropa Şurasının 4-cü sammitinə və Demokratiya Uğrunda Dünya Forumuna və digər növbəti tədbirlərə hazırlıq işləri nəzərdən keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO