Haputluda sufilərin elm üçün toplaşdığı MƏKAN – İllər sonra niyə nadanlıq ocağına çevrilib?

Haputluda sufilərin elm üçün toplaşdığı MƏKAN – İllər sonra niyə nadanlıq ocağına çevrilib?

Hazırda oxunan: Haputluda sufilərin elm üçün toplaşdığı MƏKAN – İllər sonra niyə nadanlıq ocağına çevrilib?

93071

Pirlər haqqında müxtəlif fikirlər olsa da Azərbaycanda bu cür tapınaqlara münasibət birmənalı deyil. İslamda bu cür yerlərə gedib nicat diləmək Allaha şirk (şərik) qoşmaq sayılsa da min illər boyunca bu ibadət növündən də əhalimiz imtina etməyib.

Amma bizimçün maraqlı olan qısığı olan insanların hansısa tikilidə özünə məxsus şəkildə ibadət (meditasiya) etməsi deyil, bu cür hücrələrin həqiqi keçmişini bilmək, onları müqəddəsləşdirən səbəbləri anlamaqdır.

Belə pirlərdən (ocaq) biri də Qubanın Haputlu kəndində olan Babadilim piridir. Bu ocağa mənanı min il boyunca yerli avam camaat verib.

Guya hansı uşaq gec dil açarsa, Pirə gətirib qurban kəsib insanlara dağıdardılarsa, uşağın dili açılarmış. Elə Babadilim adını da pir bu ayindən alıb. Babadilim piri haqqında ciddi tarixi araşdırma yoxdur. Ocağın təxmini gerçək tarixi haqqında isə buradakı binanın üzərindəki mövcud daş kitabələrdən belə qənaətə gəlmək olur:

“Burada Şeyx Kamil, Şeyxzadə, Şeyx Mir Hacı, Şeyx Səid, Şeyx Cami, Şeyx Tahir, Şeyx Camal, Şeyx Rəhim, Şeyx Ağa, Mir Məhəmməd, Şeyx Şirzad, Şeyx Arif Nurunun oğlu ibn Məhəmməd, Fətəlixan, ustadları Cəfər və şamaxılı Haşim fəaliyyət göstərmişlər”. 

Sufilik mərkəzi kimi bilinən hücrənin X-XI əsrlərdə inşa edildiyi ehtimal olunur.

Türbə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qeydiyyatdadır və qorunur. Xidmətin Şabran regional idarəsinin Quba üzrə nümayəndəsi Rüstəm Məlikov deyir ki, türbənin və burada iki qəbrin tarixi barədə dəqiq rəsmi məlumata malik deyillər. Rəvayətə görə, əvvəllər türbə indiki yerində olmayıb, sürüşmə nəticəsində düz qənşərindəki yerdən sürüşərək gəlib burada dayanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubanın Haputlu kəndi sentyabr ayından niyə boşaldılır? - Aytəkin Alxaslının REPORTAJI


Bu haqda maraqlı rəvayətlər var. Haputlu kənd sakini, Əlik İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini Mübariz Rüstəmov yaşlı sakinlərə istinadən deyir ki, türbə kəndin yuxarı hissəsində yerləşib, sürüşmə nəticəsində haputluların "Babaçarx" adlandırdığı yerdən aşağı "gəlib". 

Hücrədə insanların ziyarət etdiyi iki məzar var. Rəvayətlərə görə, mürid və mürşid olan bu iki şəxs son günə qədər burada sufiliklə məşğul olublar və insanları kainatın, Allahın sirlərindən agah eləmək yolunu tutublar.

Türbənin otaqlarına çoxlu xalçalar döşənib. Öyrənirik ki, bu  xalçaları həm yerli sakinlər toxuyub gətirib bura bağışlayıb, həm də digər yerlərdən gələn insanlar gətirib. Xalçaların biri at şəkilli çeşnisilə diqqətimizi çəkdi.

Bizimlə yol yoldaşlığı edən Mübariz Rüstəmov məlumat verdi ki, mərhum anası Gülarə xanım Qacaq Nəbi ilə Həcərin şəninə bu xalçanı toxuyub və türbəyə hədiyyə edib.

Amma türbənin üzərindəki tanıtım lövhəsi çox köhnədir, yalnız tarixi -mədəniyyət abidəsi olması və inventar nömrəsinin yarısı görünür. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov Bizim.Media-ya açıqladı ki, türbənin lövhəsi həqiqətən köhnədir. Bu və digər tarixi abidələrin lövhələrinin, ümumilikdə 20 abidənin lövhəsinin yenilənməsi üçün baş idarəyə sifariş verilib.

Biz bu qədər. Üzərində tarix olan hər daşımızı bilməyə və qorumağa məsuluq. Amma olanları doğru bilmək daha vacibdir. İstənilən adam gəlib burada şeyxlərin ruhu ilə söhbət də edə bilər, ibadət də. Amma XXI əsrdə yaşayan Azərbaycan adamı bilməlidir ki, daşlara, ağaclara üzsürtmək yox, Göylərə baxmaq, kainatı dərk eləmək zamanıdır. Ayağınız Yerinizdə möhkəm olsun!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO