Uğursuz imtahan nəticələrinin səbəbi KURİKULUMDUR? - Ekspertlərdən AÇIQLAMA

Uğursuz imtahan nəticələrinin səbəbi KURİKULUMDUR? - Ekspertlərdən AÇIQLAMA

Hazırda oxunan: Uğursuz imtahan nəticələrinin səbəbi KURİKULUMDUR? - Ekspertlərdən AÇIQLAMA

92862

Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə, hər il respublika və bölgələrimizdə bir neçə məktəb xüsusilə seçilir. Bununla yanaşı, zəif nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də az deyil.

Bu il isə buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən siniflər Xəzər, Qaradağ, Sabunçu və Pirallahı rayonlarında olub. Uğurlu nəticə göstərənlərin də olmasına baxmayaraq, statistikaya görə, həmin ərazilərdə ümumi göstərici çox aşağıdır.
Adıçəkilən rayonların daha çox şəhərdənkənar ərazilər olduğunu nəzərə alsaq, təhsil səviyyəsinin yüksəldilməsi üçün hansı planlar düşünülməlidir?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında suallara aydınlıq gətirib. Ekspertin sözlərin görə, illərdir ki, sözügedən tendensiya davam edir və həmin rayonlarda urbanizasiya problemlərinin nəticələri nəticələrə təsir göstərir:
 

“Əhalinin sosial vəziyyəti daha aşağı olan nümayəndələri orada yaşayırlar. Çox təəssüf olsun ki, sosial durumu aşağı olan ailələrin övladlarının təhsil alması ilə bağlı problemlər var. Bir çox hallarda onların valideynləri digər qruplara nisbətən çox da məsuliyyətli olmurlar. Məktəblərdə isə müəllim peşəkarlığı demək olar ki, ortalama olaraq bir-birinə yaxındır. Düşünmürəm ki, rayonlarda dərs deyən müəllimlərin peşəkarlığı digərlərindən daha aşağı səviyyədədir”.


Digər təhsil eksperti Elçin Əfəndinin sözlərin görə isə bu məsələdə təkcə məktəbi günahlandırmaq düzgün deyil, problem imtahan sualları ilə dərslik proqramlarının uyğunlaşmamasındadır:

“Respublikanın müxtəlif bölgələrində eyni nəticəni göstərənlər də var. Təkcə məktəbin üzərinə də getmək doğru deyil. Çünki buraxılış, qəbul imtahanın formatı ilə orta təhsil müəssisələrində keçirilən dərslər bir qədər fərqlidir. Adi summativ qiymətləndirmələrin özü belə buraxılış imtahanından fərqli formatda keçirilir.

Düşünürəm ki, uyğunluq olarsa, müsbət nəticələr alına bilər. Qeyd edim ki, 2019-cu ildən etibarən kurikulum əsasında istər buraxılış, istərsə də blok imtahanları keçirilməyə başlayıb. Və bundan sonra şagirdlərin nəticələrini əvvəlki illə-yəni 2018 və ondan öncəki illəri müqayisə etsək, əlbəttə ki, kurikulumda daha aşağı nəticələr toplandığını görmüş olarıq. Bu da şagirdlərin kurikulum sisteminə hələ də adaptasiya olmamasına sübutdur”.

E.Əfəndinin sözlərinə görə, təhsil keyfiyyətinin, nəticələrin yaxşılaşdırılması üçün müvafiq olaraq daha çox işlər aparılmalı eyni zamanda şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi tez-tez keçirilməlidir:

“Həm onlara yeni imtahan modeli əsasında sınaq imtahanları keçirmək, müvafiq biliklərinin monitorinqini aparmaq və digər addımlar həmin şagirdlərin dərslərə, imtahana adaptasiya olmasına şərait yaradar. Eləcə də buraxılış imtahanlarında qeyd olunan ərazilərdə şagirdlərin nəticələrinə müsbət təsir edə bilər”, - deyə ekspert qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO