Valideynin uşaqdan, övladın valideyndən imtinası QANUNA salınır? – Parlament müzakirəyə AÇIQDIR

Valideynin uşaqdan, övladın valideyndən imtinası QANUNA salınır? – Parlament müzakirəyə AÇIQDIR

Hazırda oxunan: Valideynin uşaqdan, övladın valideyndən imtinası QANUNA salınır? – Parlament müzakirəyə AÇIQDIR

92735

Ötən gün ölkənin gündəmini zəbt edən 13 yaşlı qızın ana olması xəbəri ilə əlaqədar daha bir məsələ aktuallaşıb. Başına müsibətlər gələn yeniyetmənin anasının ondan imtina etməsi məsələnin qanunla tənzimlənməməsini gündəmə gətirib. 

Azərbaycan qanunvericiliyində valideynin övladdan, övladın isə valideyndən imtina etməsi proseduru yoxdur.

Konstitusiyanın 34-cü maddəsinə görə, uşaqları tərbiyə etmək və qayğısına qalmaq valideynin borcudur. Bu, konstitusion bir normadır, həm də valideynin hüququdur. Qanunda bu qayda tətbiq edilib. Azərbaycan qanunlarına görə, uşaq dedikdə 18 yaşına çatmayanlar nəzərdə tutulur. Konkret olaraq, qanunvericiliyimizdə valideynin övladdan imtina etməsi nəzərdə tutulmayıb. Valideynlikdən uzaqlaşdırıldıqda, yaxud hüquqları məhdudlaşdırıldıqda belə, övladlarının qayğısına qalmaq valideynin borcudur. 

Uşaqlara sahib olmaq, onları istədikləri kimi tərbiyə edib, böyütmək valideynlərin hüquqları olduğu kimi həm də onların vəzifələridir. Uşağı dünyaya gətirən ondan imtina edə bilməz. Yalnız uşağa qarşı zorakı və digər qanunsuz hərəkətlər edənlər məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilə bilərlər.

Övladın öz valideynindən imtina etməsi yalnız ailə münasibətləri Ailə məcəlləsi ilə tənzimlənir. Ailə məcəlləsində isə övladın valideyndən imtina etməsi barədə heç bir qeyd yoxdur.

Yəni övladın istəyi ilə valideyndən imtina etmək kimi qayda mövcud deyil. Qanunvericiliyə əsasən, insan doğularkən bu doğum faktı dövlət orqanı tərəfindən qeydə alınır. Doğum qeydə alınarkən, doğulan uşağın valideynlərinin adları qeyd edilir. Bu qeydlər insanın bütün gələcək boyu onun valideynləri barədə məlumtların əsasını təşkil edir. Hətta Ailə məcəlləsinin 82.1-ci maddəsində yetkinlik yaşına çatmış övladın valideyni saxlamaq vəzifəsi də əks olunub. Həmin maddədə deyilir: "Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar".

Bəs, hər iki məsələnin qanunvericilik bazasına daxil edilməsi və müvafiq maddələrin qəbul olunmasına ehtiyac varmı? 

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericilikdə nəzərdə tutulmayan bu məsələ məhkəmə qərarları vasitəsilə bilavasitə həyata keçirilir:

“Bu məsələnin məhkəmənin səlahiyyətində olması daha doğrudur. Məhkəməyə müraciət olunur və məhkəmə də uşağı valideyndən alıb digər himayəçiyə verməsini, eləcə də digər məsələləri həll edir. Ayrıca qanunverciliyə salınması məsələsi də müzakirəyə çıxarıla bilər. Müzakirə olunandan sonra isə məqsədəuyğun olsa baxıla bilər. Amma həlli yolları var. Məhkəmə qaydasında bunu həll etmək imkanları kifayət qədər genişdir”, - deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO