Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucova 4 gün bundan öncə həbs edilib və ona qarşı 5 maddə üzrə ittiham irəli sürülüb.
Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
General Bəkir Orucovun ittiham olunduğu MADDƏLƏR
Qeyd edək ki, Bəkir Orucov "Tərtər işi" ilə bağlı şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bəs, sözügedən 5 maddə üzrə ittiham olunan Bəkir Orucovun cinayət əməlləri sübut olunarsa, ona nə qədər iş düşür?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Anar Qasımlı bildirir ki, B. Orucov ən azı növbəti 10 ili dəmir barmaqlıqlar arasında keçirəcək:
“Təqsiri sübuta yetirilərsə, Bəkir Orucovu 10 ildən artıq cəza gözləyir. Konkret cəzanı təyin edən orqan məhkəmədir. Son sözü də onlar deyəcək. Həmin 5 maddə üzrə təqsiri sübut olunarsa, ona 10 ildən artıq müddətə azadlıqdan məhrum olunma cəzası tətbiq oluna bilər”.
Rüfət Sultan, Bizim.Media