“Azərbaycan-Türkiyə Media Platforması qarşıya qoyulan hədəflərə, bir növ ideologiya sahəsində strateji məqsədlərə çatmaq üçün vasitə olacaq. Yaxın günlərdə yəqin ki, bu istiqamətdə konkret mexanizmlər də işlənəcək. Bu, həm də vahid ümumtürk informasiya mühitinin formalaşması baxımından ilk addım sayıla bilər”
Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar jurnalist, Teleradio Akademiyasının rektoru Faiq Hüsiyev bildirdi. Onun fikrincə, birgə media platforması həm də gələcəkdə vahid, ümumtürk ortaq dilinin ərsəyə gəlməsi baxımından da uğurlu addım olacaq.
“Gələcəkdə Mərkəzi Asiya dövlətləri də layihəyə qoşula bilər. Mənə elə gəlir ki, onların da layihənin bir hissəsi olması strateji planlara salına bilər. Eyni zamanda bu, həm də Türkiyə üçün rusdilli media mühiti ilə sıx əməkdaşlıqdır.”
Faiq Hüsiyevin fikrincə, Rusiya Federasiyasının tərkibindəki türkdilli respublikalar da adıçəkilən layihənin bir hissəsinə çevrilə bilər.
“Bu, çox böyük bir arealdır. Birgə Media Platformasına Moldovadan Qaqauziya, Bolqarıstan qoşula bilər. Bundan başqa Şimali Makedoniya, Kosova, hətta İraqın da layihəyə üzv olmaq ehtimalları realdır. İranda da çox böyük auditoriya mövcuddur. Unutmaq olmaz ki, burada söhbət həm də xoş məramdan gedir. Birgə media platformasında TÜRKSOY-un da təcrübəsindən yararlanmaq olar.”
Teleradio Akademiyasının rektoru vurğuladı ki, qlobal informasiya məkanında vahid məlumat siyasəti ilə çıxış etməyə görə, bütün türkdilli dövlətlər üçün bu layihə mütləq mənada lazımlı bir platformadır.
“Belə bir media inteqrasiya təcrübəsi Skandinaviya ölkələrində (İsveç, Norveç, Danimarka) də var. Rusiya və Belarus arasında da belə əməkaşlıq mövcuddur. Əsas məsələ odur ki, Azərbaycan və Türkiyə arasında iki ölkənin media sahəsində rəsmi qurumları – AzTV və TRT, həmçinin digər telekanallar birgə iş apara bilərlər. Bu, həm də media akademiyaları səviyyəsində təcrübə mübadiləsidir.
Bunu bir neçə dəfə praktikadan keçirmişik. Bu yaxınlarda “müharibə şəraitində jurnalistika” adlı treninq keçirdik. “Zoom” vasitəsilə türkiyəli mütəxəssislərin də dərsləri oldu.”
Rektor bildirdi ki, bu əməkdaşlıq gələcəkdə kino sahəsini də əhatə edə bilər və ortaq filmlər lentə alınar:
“Layihə saytlararası əməkdaşlıqla da davam edər”,- deyən əməkdar jurnalist əlavə etdi ki, “mənim üçün təhsil sahəsində də əməkdaşlıq maraqlıdır, çünki gələcək nəsil daha çox təhsilə üstünlük verəcək”.
“Yeni dəyərlər sistemi də təhsil vasitəsilə təbliğ olunacaq”,- deyə Teleradio Akademiyasının rektoru fikrini tamamladı.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:51 / 21.01.2021
“Media platforması sayəsində ortaq Türk dili ərsəyə gələ bilər” - Faiq Hüsiyev
Hazırda oxunan: “Media platforması sayəsində ortaq Türk dili ərsəyə gələ bilər” - Faiq Hüsiyev
Hazırda oxunan: “Media platforması sayəsində ortaq Türk dili ərsəyə gələ bilər” - Faiq Hüsiyev
9189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.