Küləklər şəhərindən “tıxaclar şəhər”inə çevrilən Bakımız

Küləklər şəhərindən “tıxaclar şəhər”inə çevrilən Bakımız

Hazırda oxunan: Küləklər şəhərindən “tıxaclar şəhər”inə çevrilən Bakımız

91879

Bakıda gündən-günə artan tıxaclar sürücülərlə yanaşı, şəhər sakinlərini də narahat etməyə başlayıb. Yollardakı acınacaqlı vəziyyətin artaraq hansı hala gələcəyini rahatlıqla izləməksə mümkün deyil.

Təsadüfi deyil ki, günümüzdə şəhərimizə gələn turistlərin də yaddaşında Bakı ən çox tıxacları ilə qalır. Uzun illər küləklər şəhəri kimi tanınan Bakımız indi “tıxaclar şəhəri”nə çevrilir.

Nəqliyyatın bugünkü durumuna görə avtobus və taksi sürücüləri bir-birini, sərnişinlər isə hər ikisini günahlandırır.

Bizim.Media olaraq problemi araşdırmaq və kökündə dayanan səbəbləri tapmağa çalışdıq.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirb ki, hazırda şəhərimizdə yaranan nəqliyyat probleminin bir çox səbəbləri var.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının parklama yerləri necə zəbt edilir? – Real mənzərə VİDEODA


​​​​​​​Əsas problemlərdən biri də odur ki, BNA Bakı şəhərində dövlətin balansında olan parklanma yerlərinin ünvanlarını açıqlamır:

“Vətəndaş maşını harada saxlayıb-saxlamamaq lazım olduğunu bildikdə bu sahədə yaranmış problemlərin bir çoxunun qarşısı alınmış olacaq. Nə qədər ki, ictimai nəqliyyatdakı vəziyyət bərbad olacaq, biz avtomobil sayının çox olmasının qarşısını ala bilməyəcəyik”.

Ekspert onu da əlavə edib ki, Bakıdakı “göz qamaşdıran” tıxacların mövcud səbəbləri həddindən artıq çoxdur:

“Yol infrastrukturunun qurulmasından başlayaraq, sürücülərin məsuliyyətsizliyi, parklanma yerlərinin olmaması, parklanma yerlərində tikinti işlərinin aparılması, eləcə də onların qanunsuz olaraq zəbt edilməsi, sutkanın müəyyən saatlarında yollarda aparılan təmir işləri də buna səbəb olur. Avtomobillərin çoxluğuna gəlincə isə qeyd edə bilərik ki, Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyəti yüksək səviyyədə deyil.

Vətəndaş üçün ictimai nəqliyyatın əlçatan olmaması onu sövq edir ki, vətəndaş 5-6 min manat verərək köhnə bir maşın alsın və həmin avtomobillə hərəkət etsin. Çünki bu gün ictimai nəqliyyatdakı maşınlardan istifadə etmək xeyli çətinləşib”.

Nəqliyyatdakı problemlərimizdən danışan ekspert qeyd edib ki, son zamanlar “Bakı Kart” balansını artırmaq və ya yükləmə etmək üçün dayanacaqlardakı aparatların götürülməsi də sakinlərin səbrini dözülməz həddə çatdırıb:

“Şəhər sakinləri üçün “Bakı Kart” ilə kart balansını artırmaq hazırda çox çətinləşib. Ödəniş teriminalları isə yığışdırılıb. Balansı bitmiş sərnişin onu artırmaq üçün “Milli Ön” axtarır və ya yaxınlıqdakı metro stansiyasına üz tutmaq məcburiyyətində qalır.

Nəqliyyatımızdakı sıxlıq adətən avtomobillərin çoxluğundan irəli gəlir. Çünki ictimai nəqliyyatın yaxşı işləməməsi, insanları şəxsi avtomobildən və taksidən istifadə etməyə sövq edir.

Qanunla Bakı Nəqliyyat Agentliyi vətəndaşları avtobus və ictimai nəqliyyatla düzgün şəkildə təmin etməlidir. Konkret saatlarda vətəndaş avtobusa əyləşərək mənzil başına rahat gedib-gələ bilməlidir. Dayanacaqlardan yığılan terminallar yenidən bərpa edilməli və mövcud qaydalar sadələşdirilməlidir”.

Nəqliyyatımızdakı sıxlığın azaldılması məqsədi ilə adambaşına düşən avtomobil sayının dövlət tərəfindən tənzimlənməsi məsələsinə gəlincə isə ekspert bu kimi fikirləri əsassız hesab edib:

“Biz vətəndaşa deyə bilmərik ki, bir ailəyə bir və ya iki maşın düşməlidir. Biz artıq Sovet İttifaqının yox, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Hər bir vətəndaş istəsə bir və ya on avtomobil ala bilər. Amma düşünməliyik ki, vətəndaşı 10 ədəd avtomobil almağa nə məcbur edir? Bir ailəni on avtomobil almağa məcbur edən səbəb ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır”.
Tezliklə nəqliyyatımızdakı mövcud problemlərin həllini tapmasını diləyir, Bakı sakinlərinə, sürücülərimizə qəzasız və tıxacsız yol arzu edirik.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO