456 şagird bu səbəbdən əlavə imtahan verəcək

456 şagird bu səbəbdən əlavə imtahan verəcək

Hazırda oxunan: 456 şagird bu səbəbdən əlavə imtahan verəcək

91645

Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. 

Bizim.Media xəbər verir ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq. 

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb. 

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə avqustun 31-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 246, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 210 şagirdin iştirakı nəzərdə tutulur. 109 şagird isə Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO