I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların sayı - RƏSMİ 

I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların sayı - RƏSMİ 

Hazırda oxunan: I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların sayı - RƏSMİ 

90960

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Mənbə qeyd edir ki, itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıb. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri görüş keçirib.

Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb.

I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib.

2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb.

Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb.
Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb.

Münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə mane olan əsas səbəb 2020-ci ilin noyabr ayının 10-dək Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı olub.

Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır.

Yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir.

44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin, işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.
BQXK ilə çoxillik əməkdaşlıqla yanaşı, Dövlət Komissiyası qarşıda duran vəzifələrin həllində yeni imkanlar açacağına ümid edərək cari ilin aprel İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə əməkdaşlığa dair Protokol imzalayıb.

Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı davam etdirilir.

Xatırladaq ki, 30 avqust - Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO