“Patı” Azərbaycana hansı ölkələrdən gətirilir? - DİN-dən özəl AÇIQLAMA

“Patı” Azərbaycana hansı ölkələrdən gətirilir? - DİN-dən özəl AÇIQLAMA

Hazırda oxunan: “Patı” Azərbaycana hansı ölkələrdən gətirilir? - DİN-dən özəl AÇIQLAMA

90949

“Azərbaycan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan ciddi tədbirlərə baxmayaraq, yenə də ölkəmizdə narkotik vasitələrin satışını həyata keçirən və narkomanlıq xəstəliyinə düçar olan şəxslər var. DİN tərəfindən 2022-ci il ərzində keçirilmiş uğurlu əməliyat axtarış tədbirləri nəticəsində 4607 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 9-u azyaşlı, 127-i isə qadınlardan ibarətdir.

Həmin şəxslərdən 2t 706 kq narkotik vasitə aşkarlanıb. Bunlara heroin, tiryək və qurudulmuş marixuana aiddir. Aşkarlanan maddələr arasında 285 kq isə insanlar arasında “patı” və ya “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin də var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu səsləndirib.

DİN rəsmisinin sözlərinə görə, ölkə ərazisində narkotik maddələrin intensiv satışının populyarlaşmasında bir növ sosial şəbəkələr də rol oynayır:

“Onlayn yolla narkotik maddələrin satışını həyata keçirən insanların həbsi zamanı 1 ton 200 kq narkotik maddə aşkar olunaraq dövriyyədən çıxarılıb. Bu sahədə ölkə ərazisində 240 nəfərdən ibarət olan, 95 mütəşəkkil dəstə halında fəaliyyət göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Sosial şəbəkə vasitəsilə patının satılması üçün internet üzərindən müxtəlif formalı yanlış təbliğatlar həyata keçirilməkdədir.

Metamfetamin maddəsinin gümrahlıq yaratdığı, beyni gücləndirdiyi kimi gənclər arasında yanlış fikirlər səsləndirilir. Həmçinin, ölkəmizdə patıdan gənc oğlanlar arasında əzələ yığaraq bədəni formaya salan, qadınlar arasında isə arıqlamanı sürətləndirən vasitə kimi yalnış təbliğatlar aparılmaqdadır.

Əksinə olaraq metavitamin maddəsi insanın fiziki və psixi anatomiyasını tamamilə pozur və bədənin çürüməsinə, daxili orqanların zədələnməsinə, gözlərin böyüməsinə, həmçinin dişlərin çürüməsi və saçların tökülməsinə səbəb olur”.
 

Azərbaycanda patı kimi tanınan metamfetaminin istehsalına gəlincə isə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı bildirib ki, bu maddə Azərbaycana Asiya ölkələrindən gətirilir:

“Bəzi şəxslər qeyd edirlər ki, Azərbaycan ərazisində narkotik vasitələrin istehsalı həyata keçirilir, ancaq bu yanlış informasiyadır. Ölkə daxilində narkotik maddələrin istehsalı ilə bağlı şübhə doğuran məqamlar yoxlanılıb.

Narkotik vasitələrin Azərbaycanda istehsalı ilə bağlı heç bir fakt müəyyən olunmayıb. Ölkə ərazisinə narkotik maddələr qaçaqmalçılıq yolu ilə əsasən Asiya ölkələrindən gətirilir.

Məqsəd narkotik vasitələrin bir qisminin Azərbaycanda satışını reallaşdırmaq, digər böyük bir qismini isə Azərbaycan vasitəsilə Avropaya keçirmək və orada satışını təmin etməkdir. Bu mənada digər aidiyyəaiı qurumlar da əməliyat axtarış tədbirləri zamanı DİN-lə əməkdaşlıq edirlər.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşlarının əsas prioritet istiqamətlərindən biridir. Biz bu bəlaya ancaq polis-vətəndaş həmrəliyi nəticəsində qalib gələ bilərik”, - deyə DİN rəsmisi fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO