Rus əsgərinin məhv etdiyi Azərbaycan riyaziyyatçısı - Yusif Sadıqov

Rus əsgərinin məhv etdiyi Azərbaycan riyaziyyatçısı - Yusif Sadıqov

Hazırda oxunan: Rus əsgərinin məhv etdiyi Azərbaycan riyaziyyatçısı - Yusif Sadıqov

9090

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev 20 yanvar şəhidi olan, tələbə yoldaşı Yusif Sadıqovun əziz xatirəsini ehtiramla yad edib.

Bizim.Media xəbər verir ki, deputat bu barədə Facebook səhifəsində onun fotosunu yayımlayaraq, şəhidlə bağlı fikirlərini yazıb.

“Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olduğumuz ildə kimlərin fövqəladə istedada malik olduğunu hamımız bilirdik. Fizikləri, kimyaçıları və riyaziyyatçıları daha yaxından tanıyırdıq. Çünki biz qonşu idik. Bura yataqxana həyatını da əlavə etmək lazımdır. Belə istedadlardan biri mexanika-  riyaziyyat fakultəsinə daxil olmuş Yusif Sadıqov idi”.

E.Əliyev Yusif Sadıqovun istedadlı riyaziyyatçı olduğunu, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdiyini də qeyd edib:

“Yusif orta məktəbi qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib birinci yerə layiq görülmüşdü.

O zaman Universiteti əla bitirənləri Akademiyanın institutlarında və universitetdə saxlayırdılar. Yusifi Elmlər Akademiyasının Mexanika- Riyaziyyat İnstitutunda elmi fəaliyyətini davam etdirmək üçün saxladılar. BDU-nu fərqlənmə diplomu ilə bitirən dostumuz  3 “beş” alaraq aspiranturaya qəbul olundu. Yusifi tanıyanlar bilirdilər ki, o, vaxtından əvvəl alimlik dərəcəsi alacaq”.

Millət vəkili Yusifin şəhid olduğu amansız gecənin dəhşətini onun bacısı Səyalı xanımın dilindən izləyicilərinin diqqətinə çatdırıb.

Bacısı professor Səyalı xanımın dediklərindən: “Hələ yanvarın birində o, bir ziyalı, sağlam məntiq sahibi kimi bu hadisələrdən danışırdı.  Deyirdi, əgər Tiflisdə olubsa, bizdə ola bilməz. Evimiz “Salyanski” adlanan məşhur hərbi kazarmanın yanında idi. Maraqlı bir detalı deyim ki, yanvarın 19-dan 20-nə keçən gecə Yusifin ad günü idi.

Həm də nişanlı idi. Nişanlısı universitetdə oxuyurdu. Yusif də səhər onu imtahana aparmalı idi. Amma qəfildən tank səslərini eşidəndən sonra bizə də heç nə demədən sakitcə evdən çıxdı”.

Etibar Əliyev Yusifin tankın altında qalaraq yalnız bir qolunun tapılmasının dəhşətindən də yazıb.

“Yusifin ölümü türkürpədicidir. Onun bir qolu tapılıb. Rus tankının altında qalan bu istedadlı qardaşımızın  itkin düşməsini eşidən bütün tələbə dostları onun adı gələndə ani olaraq düşüncəyə dalırlar.  Yusif davranışı, savadı, mədəniyyəti əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi.

Yaşadığı illərdə isə o özünün yalnız fövqəlinsana xas olan keyfiyyətlərini qoruyub saxlamaqla məşğul oldu”.

Sonda Etibar Əliyev yazısını bu sözlərlə tamamlayıb:

“Frensis Bekonun gözəl bir aforizmi var: “Ateistdən yaxşı riyaziyyatçı olmaz”. Təhsil aldığımız illər ateizm dövrünə təsadüf etdiyi üçün biz dindən çox danışmırdıq. Ancaq Yusifin adı gələndə indi də düşünürəm ki, onun mədəniyyəti, xüsusi istedadı, əxlaqlı və qorxu bilməməsi yaxşı riyaziyyatçı olmasını tamamlayırdı.

Mən Yusifin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam.

Universitetin 2 saylı yataqxanasında Riyaziyyatı yaxşı bilməyənlər ondan düşünməyi öyrənirdilər. Bəli, düşünməyi...

Yusifin ölümü Riyaziyyat elminə də ağır itki idi. Yeri dərhal göründü.

Mən şəhidlər xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir. Amansız zamanın imtahanına çəkilmiş xalqımız Yusif və onun kimi cəsur və istedadlı oğullardan lazımınca bəhrələnə bilmədi. Allah sənə rəhmət eləsin əziz dostum...”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO