Tələbə adını qazananları ən çox maraqlandıran məsələlərdən biri daxil olduqları ali məktəbin yataqxanası ilə bağlıdır.
Bizim.Media-nın məlumatına görə, yeni dərs ili yaxınlaşdıqca bu məsələ daha da aktuallaşır.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, yataqxanaların qiymətləri şəraitinə görə dəyişir. Məsələn, Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik "Tələbə evi"ndə 1 nəfər üçün aylıq ödəniş 75 manatdır.
Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyində isə aylıq qiyməti 40 manatdır.
Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. 968 yerlik yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2-3 nəfərlikdir.
Özəl ali məktəblərdən biri olan Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir.
Ali məktəblərdən bildirilib ki, yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid tələbələrə güzəştlər edilir. (Xəzər Xəbər)
Bizim.Media