Dualarımızı qəbul etməyən Tanrı qarğışlarımızı eşitdi...

Dualarımızı qəbul etməyən Tanrı qarğışlarımızı eşitdi...

Hazırda oxunan: Dualarımızı qəbul etməyən Tanrı qarğışlarımızı eşitdi...

90482
Gecə yarıdır, yuxum qaçıb... Xəyallarım qanadlanaraq uşaqlıq dövrümə doğru aparır məni. Yenə də küçəmizin nadinc uşaqları ilə səsimiz - küyümüz aləmi götürüb. Qonşuların bizi qınayan səsləri hələ də qulağımdadır. “Ay bala imkan verin də, bəlkə evdə xəstə var”x9d deyib bizə tərəf qışqıran Məhəmməd dayının qəzəbli səsi nəsə mənə doğma gəlir bu dəfə. Əvvəlki qəzəb də duyulmur Məhəmməd dayının səsində. “Göyə baxan”x9d Məhəmməd deyirdilər kişiyə. Elə hamımız onu o ləqəbi ilə tanıyır, öz aramızda ləqəbini deyərək xısın-xısın gülürdük. Fikirləşirdik ki, yəqin kişinin məhəlləmizdə olan işıq dirəyinə bağladığı işıqları sındırdığımız üçün bu ləqəb ona verilib. Hər gün evdən çıxanda yazıq Məhəmməd dayı başını göyə qaldırıb dirəyə baxırdı. Sanki heç olmasa bu gün işıq lampasının sınıq olmadığını görmək istəyirdi. Lampa isə yenə hərgün olduğu kimi sınmışdı. Xəyala dalıb fikirləşirəm, niyə sındırırdım onu?

Kəlbəcərdə qalan o gözəl çağlarımızda hər birimizin arzuları var idi. Hərdən arzularımızı səhnələşdirib, sanki həyata keçirirdik. Yaşamağa çalışırdıq arzularımızı. Nədənsə mən prokuror olmaq istəyirdim. Dayılarımın prokuror olanda kimi tutacaqsan sualına, mənə velosiped almadığı üçün "atamı" deyə cavab verərdim. Xeyli gülərdilər mənim cavabıma. Nə olduğunu anlamasam da prokuror olmaq istəyirdim o zaman...

Söyüdlü kəndində olan Seyid Əsədullah babanın qəbrini ziyarətəə aparmışdılar məni. İp bağlamışdım qəbirin yanında olan ağacın budağına ki, prokuror olanda gəlib ipi acıb qurbanımı kəsəcəm. Yüzlərlə ipin içində hərə öz bağladığı ipi tanıyırdı orda. 

Fikirləşdikcə əsəbləşirəm. Bəyənmirdik, bilmirdik qədrini o gözəl yurdumuzun. Uşağına qarğıyan, nəyəsə-kiməsə əsəbləşib qarğış edən qadınların səsi gəlir qulağıma. “Allah xaraba qoysun buraları”x9d deyən qadınların o səslərini yenidən eşitdiyim üçün üşənirəm. Bəlkə də naşükür qadınların o qarğışları olmasaydı xaraba qalmazdı Kəlbəcərim. Dualarımızı qəbul etməyən Tanrı qarğışlarını eşitdi onların. İndi çaqqalar gəzir, bayquşlar ulayır cənnət Kəlbəcərimin xarabalıqlarında...

Uşaqlar arasında məhəllə-məhəllə davalar dəbdəydi o zaman. Küçəmizdən keçən o biri məhəllənin uşaqlarının yolunu kəsər, məhəllənin davakar oğlanlarının olduğunu onlara sübut etməyə çalışardıq. Onlar da öz məhəllələrində bizə eyni münasibəti göstərirdilər. Döydüyümüz günlər də olub, ağzı-burnu qan evə gəldiyimiz günlər də. İndi burnumun ucu göynəyir dalaşdığım uşaqlar üçün...

Mənim gözümdə Kəlbəcər dünyanın ən gözəl məkanıdır. Çox zaman başa sala bilmirəm Kəlbəcərin dəyərini “imkanlı”x9d qohumlarıma. “Getdi Kəlbəcər, qayıdan deyil, özünə gün ağla”x9d deyən bəzi “imkanlı”x9d qohumlarımın nə qədər kasıb biri olduqlarından əsəbləşirəm. Toylarda içib Kəlbəcər şeiri deyib “Maral-maralı" oynayan insanları anlamaq çətin olur çox zaman mənə.

Yadımdadır, Göyçədən qaçqın düşən adamları hərə öz evində yerləşdirirdi. Biz isə uşaq ağlımızla təəccüb qalardıq onlara. Adam da torpağın qoyub qaçar? Deyə onlardan xoşumuz gəlmir, qorxaq adamlar kimi anlayardıq onları. Hərəmizin bir silahı var di. Özümüz düzəltmişdik. Ən çox “Novruz bayramında" barıt doldurub atardıq onu. Səsindən qonşular da yata bilmirdi. Öz aləmimizdə özümüzə yer də düzəltmişdik ermənilər gəlsə onlarla döyüşmək üçün. Nə biləydik ki, bizm də taleyimizi Göyçədən qaçanların taleyi gözləyir. Nə biləydik “Dəli”x9d Qaraçanlının, “Dəli”x9d Geştəyin vurub-tutan oğullarının da yurdlarını qoyub qaçacağını. Adımızın qarşısında qaçqın-köçkün adı yazılacağını bilsəydik bəlkə də gəlməzdik, qaçardıq valdeyinlərimizin əlindən, arzularımızla bərabər qalardıq Murovun o üzündə.

Kəlbəcər bizim arzularımızın dəfn edildiyi məkandır. Mənim keçmişimlə bərabər gələcəyim də Kəlbəcərdə girov qalıb. Kəlbəcəri atıb qaçan gündən xətt çəkildi mənim arzularımın üstündən. Xəyallarım 93-ün aprelində Kəlbəcərlə birlikdə girov qaldı. Düz 22 ildir ki, girov qalan arzularımın naləsini eşidirəm. "Gəl arzularını azad et" deyən hayqırtısını eşidirəm arzularımın...

 Ã–z hıçqırtıma ayılıram. Hiss etmədən gözümdən axan yaş isladıb üzümü. Fikirləşmək istəmirəm daha. Utanıram fikirləşməyə.

Arzularımın dalınca mütləq getməliydim bu günəcən. Dilqəm kimi getməliydim heç olmasa həsrətimin arxasınca. Kəlbəcərim, arzularımla birgə girov qalan yurdum! Gələcəm, mütləq gələcəm !

Kəlbəcər həsrətiunə dözə bilməyən Sücaətin aşağıdakı şeiri sanki hər bir kəlbəcərli üçün yazılıb:

Qalıbdı

Doğulduğum, böyüdüyüm yurd - yuva
Bu dağların o üzündə qalıbdı
Həkimim, dərmanım torpaq, su, hava
Bu dağların o üzündə qalıbdı
````` ```````` `````
Tapdalanıb ayaqlanıb izlərim
Ölənəcən qan tökəcək gözlərim
Dindirməyin, sevinc dolu sözlərim
Bu dağların o üzündə qalıbdı
````` ``````` ````````
Bu günümə ağladı kim, güldü kim
Yoxa çıxıb rahatlığım, dincliyim
Dərd içində itib - batan gəncliyim
Bu dağların o üzündə qalıbdı
````` `````` ``````
Aşıq qardaş, nə haraydı, nə səsdi
Dilqəmini birdə çalma, taa bəsdi
Bulaq səsi, yaşıl çəmən, gül dəsti
Bu dağların o üzündə qalıbdı
````` ````` ``````
Sucaətin ömrü olub tən yarı
Bir də düşə, ya düşməyə güzarı
Əmi, dayı, ata, qardaş məzarı
Bu dağların o üzündə qalıbdı

Elşən Əlisoy
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO