"Uşaqlarda özünəqapanma və aqressiyanın birinci səbəbi tək tərəfli ünsiyyətdir".
Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Mədinə Rəsul bildirib.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlar üçün LAYLA və NAĞIL terapiyası - Bunu hansı şəkildə aparmaq lazımdır?
Onun sözlərinə görə, aqressiv davranan uşaqlarla bağlı ona müraciətlərin sayı son günlərdə daha da artıb. Bu aqressiyaya səbəb isə:
"Bu da telefon, televizor müxtəlif qacetlərdən aşırı istifadə etməkdən qaynaqlanır. Hətta bunu da görürük ki, uşaq ayaq açıb hələ yeriyə bilmir lakin onun emosiya, aqressiya və üzüntülərini valideyn televizora yönəldərək sakitləşdirməyə çalışır. Və bu kimi şeylər uşaqların “rüşvət”ə meyillənməsinə gətirib çıxarır: "Mənə telefonu ver, yeməyimi yeyəcəyəm", "Planşeti ver, dərs oxuyacağam" kimi sözlərdən istifadə edərək çalışırlar ki, idarəni əllərində saxlasınlar. Yəni, bizi ana-atalarımız körpəlikdən rüşvətə öyrədir".
Psixoloqun həmçinin bildirir ki, uşaqlarda aqressiyanın yaranmasına digər səbəb cizgifilmlər və bəzi oyunlardır:
"Hazırda baxsaq, əksər cizgi filmlərində şiddət, "hate speech" ssenarilərinin ayrılmaz hissələri olub. Sözügedən cizgi filmlərinə baxan, oyunları oynayan uşaqlar böyük stress keçirir, gərilir, əzələləri yığılır, aqressivləşir və dişlərini qıcıyır. Əksər valideynlərin uşaqların bu davranışına laqeyd münasibət bəsləməsi isə onların səhv məlumatlı olmasından irəli gəlir. Onlar düşünür ki, uşaqları bu vasitələrə öyrəşdirməklə yaxşı bir hərəkət edirlər".
Psixoloq aqressiyanın kökündə dayanan vacib faktorlardan birinin də ailədaxili münaqişələr və valideyin, özündən yaşlıların bir-birləri ilə münasibətinin olduğunu vurğulayıb:
"Digər bir səbəb isə ailədaxili münaqişələrin olmasıdır. Və problemli ailədə böyüyən uşaqlar bir növ valideynlərin aqressiyalarını tökdüyü şəxsə çevrilir. Həmçinin valideyn özü bütün gününü telefonla keçirirsə, uşaqlar da təbii ki, onları örnək alacaq. Ona görə də uşaqlarla ünsiyyəti artırmaq, telefondan uzaq olan məşğuliyyətlər tapmaq, kitab oxuma vərdişini yaratmaq bu məsələdə effektiv həll hesab olunar" - deyə M.Rəsul qeyd edib.
Səkinə Yusibli, Bizim.Media