20 Yanvar 1990 - Bizi Böyük Zəfərə aparan yol 

20 Yanvar 1990 - Bizi Böyük Zəfərə aparan yol 

Hazırda oxunan: 20 Yanvar 1990 - Bizi Böyük Zəfərə aparan yol 

9025

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, həmin vaxt Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi.

Və 20 Yanvar faciəsi baş verdi!

Azərbaycan tarixinə qanla yazılmış azadlıq savaşının zirvəsi oldu 20 Yanvar! Dünyanın ən böyük imperiyasını lərzəyə gətirən kiçik dövlətin azadlıq hayqırtısı kimi həkk olundu bu məşum tarix. 

Azərbaycan torpağına ŞƏHİDLƏR əkildi, azadlıq ağacını qanla yenidən suvardı Azərbaycan xalqı!

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər. (Bəxtiyar Vahabzadə)
 

Azərbaycanın üsyanlar oğlu Məhəmməd Xiyabani deyir ki, “Ölümdən qorxmayan millətə, ölüm yoxdur”. Son 31 ildə Azərbaycan xalqı dönə-dönə sübut etdi ki, ortada Vətən, Xalq, Dövlət söhbət mövzusudursa, can nə şeydir ki, üstündə əssin!


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri vardı.
 

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olundu. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edildi, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açıldı, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edildi.


Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib:

“...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir.

Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib.

Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

20 Yanvar hadisələri öz hüquqi qiymətini də məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövürdə aldı.

1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi və 147 nəfərə bu ad verildi.
 

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

 

Bu il isə bu şərəf və qəhrəmanlıq tariximizin başqa bir anlamı var. Düz 30 il sonra bu qəhrəmanlıq səlnaməsinin varisləri olan oğullarımız 2020-ci ilin noyabrın 8-də Qarabağımızı işğaldan azad edərək, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ƏZİZ ŞUŞAMIZA üç rəngli Azərbaycan Bayrağını sancdılar! İndi bütün ŞƏHİDLƏRİMİZİN RUHLARI azad olunan torpaqlarımızda, bütün Azərbaycanda rahatlığa qovuşub. İndi onların ruhu iftixarla Azərbaycanımıza baxır və gülümsəyir!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO