Astaranın Şiyəkəran kəndində yerləşən körpü təhlükəli vəziyyətə düşüb. Körpünün üzərində böyük dəliklər əmələ gəlib, bəzi hissələri isə dağılaraq tökülüb. Körpü hər an uça bilər. Bu vəziyyət kənd sakinlərini ciddi şəkildə narahat edir.
Bizim.Media xəbər verir ki, yararsız vəziyyətdə olan körpünün dayaqlarını 10 il bundan qabaq sel suları yuyub aparıb.
Kənddə başqa 2 piyada körpüsü var. Amma nəqliyyat vasitələrinin hərəkəti məhz bu körpü vasitəsilə təmin olunur. Kənd sakinləri məcburiyyətdən həmin körpüdən istifadə edirlər. Bu isə olduqca təhlükəlidir.
Körpünün üst hissəsi dəmirdən inşa olunub və korroziyaya uğramaqdadır. Narahatlıq doğuran digər məsələ yaxınlıqdan qaz xəttinin keçməsidir. Odur ki, körpü uçacağı təqdirdə böyük faciə baş verə bilər.
Məsələ ilə bağlı kəndin bələdiyyə sədri Rövşən Heydərov bildirib ki, körpü 1993-cü ildə inşa edilib. Dəmir konstruksiyalardan ibarətdir. Onlar da öz istismar müddətini başa vurub.
''Bütün bunlarla bağlı akt tərtib olunub və aidiyyəti qurumlara müraciət edilib'', - deyə o, əlavə edib.
Bizim.Media