Zabux, Sus kəndlərində, eləcə də Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.
Bizim.Media “Qafqazskiy uzel” nəşrinə istinadən xəbər verir ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi əmr edib.
Mülkünü vaxtında köçürməyə vaxt tapmayan ailələrə köçmək üçün daha 5 gün, avqustun 25-dək vaxt verilib. O da bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Sus kəndində bir neçə ailə qalıb, onlar da artıq kəndi tərk ediblər. Hazırda sakinlərin 90 faizi Laçından və Zabux kəndindən köçüblər. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər. Onların Xankəndində yerləşdiriləcəklərinə söz verilib.
Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Zabuxun qondarma “başçısı” Andranik Çauşyan isə qeyd edib ki, o, ailəsi ilə Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir.
"Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamısı əşyaların daşınması ilə məşğuldur", - Çauşyan vurğulayıb. - “Sülhməramlılar avqustun 25-nə qədər vaxtımızın olduğunu söylədilər”.
Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan “Qafqazskiy uzel”in müxbirinə işğal illərində Laçında məskunlaşdığını etiraf edib.
“Ermənistan hakimiyyəti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi”, - Balikyan izah edib. - “Biz hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.
Bu arada İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlılarından narazılıq artır və bu, son toqquşmalardan sonra xüsusilə nəzərə çarpıb:
“Qarabağın əsas yollarında “Rus olan yerdə sülh olacaq!” yazısı olan reklam lövhələri indi uğursuz lətifəni xatırladır. Bu lövhələr hələ Rusiya Ukrayna ərazisini işğal etməzdən əvvəl quraşdırılıb. İndi ermənilər rus sülhməramlılarının onlara verilən tapşırıqları yerinə yetirməməsindən narazıdırlar”.
“44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyə zəmanət verdilər”, - deyə Xankəndi sakini tag43.it-ə bildirib. - “Onlar öz işlərini görməlidirlər. Amma işlər belə davam edərsə, o zaman bu əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:34 / 21.08.2022
Ermənilərin çoxu Laçını tərk etdi
Hazırda oxunan: Ermənilərin çoxu Laçını tərk etdi
Hazırda oxunan: Ermənilərin çoxu Laçını tərk etdi
89708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.