Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Nazilə Kərimova kartla fala baxmaq adı ilə Ruhiyyəyə qarşı dələduzluq edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nazilə Ruhiyyənin üzərində olan qorxu və şər qüvvələri təmizləyəcəyinə dair yalan vədlər verib. Onun 2490 manat məbləğində pul və qızıllarını ələ keçirib.
İstintaq orqanı tərəfindən Nazilənin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ilin oktyabr ayına kimi Sumqayıt şəhəri, 42-ci məhəllə kirayədə yaşayıb:
“Kartla fala baxmağı bacarıram. 2021-ci ilin mayın 15-də mənə zəng gəldi. Zəng edən şəxs Ruhiyyə olduğunu, falına baxdırmaq istədiyini dedi. Ruhiyyə tanışlıq üçün mobil telefon nömrəmi ikimizin ortaq tanışımız olan Ramilədən aldığını dedi. Mən də onunla görüşməyə etiraz etmədim”.
Nazilənin sözlərinə görə, Ruhiyyə həmin günü onun yaşadığı evə gəlib:
“Ruhiyyə özündə qorxu olduğunu və ümumiyyətlə onu gələcəkdə nələrin gözlədiyini bilmək istədiyini dedi. Kartla Ruhiyyənin falına baxdım. Onda qorxu olduğunu və həmin qorxunu üzərindən götürməkdən ötrü qızıl-zinət əşyasının lazım olduğunu bildirdim. Ruhiyyə üzərində qızıl-zinət əşyasının olmadığını bildirdi. Lakin zəhmət haqqı olaraq həmin gün mənə 35 manat verdi”.
Nazilə qeyd edib ki, mayın 20-də Ruhiyyə yenidən onun yaşadığı evə gəlib, bir ədəd qızıl üzük və xidmət haqqı olaraq 45 manat verib:
“Ruhiyyəyə qızılın az olduğunu bildirdim, gələcək həyatının yaxşı olması üçün əlimdən gələni edəcəyimi dedim. Amma onun üçün heçnə etmədim. Sadəcə olaraq Ruhiyyəni özümə inandırdım. Bundan sonra Ruhiyyə bir neçə dəfə yaşadığım evə gəlsə də, mənə heç nə vermədi. Mən isə Ruhiyyəyə cadunun pozulması üçün əlavə qızıl lazım olacağını dedim”.
Təqsirləndirilən şəxs bildirib ki, mayın 28-də Ruhiyyə yenidən onun yaşadığı evə gəlib:
“Mənə 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq və xidmət haqqı olaraq 70 manat verdi ki, onun işini davam etdirim. Yəni Ruhiyyənin üzərindən cadunu götürüm. Mən də qızılları götürdüm, həmin qızılların hamısını işin sonunda qaytaracağıma vəd verdim”.
Nazilə deyib ki, sonuncu dəfə Ruhiyyə ona xidmət haqqı olaraq iyulun 31-də kart hesabına 100 manat göndərib. Nazilə ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu söyləyib.
Zərərçəkmiş Ruhiyyənin sözlərinə görə, Nazilə kartla onun falına baxıb:
“Mənə cadu olunduğunu, bu səbəbdən işlərimin düz getmədiyini, həmçinin şər qüvvələrin təsiri nəticəsində məndə qorxu olduğunu bildirdi. Nazilə şər qüvvələrdən və mənə olunmuş cadudan təmizləməsi üçün qızıl əşyalarının lazım olacağını dedi. Həmin vaxt məndən xidmət müqabilində 70 manat istədi. Üzərimdə olan 35 manatı ona verdim”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra fala baxdırmaq adı ilə Naziləyə qızıllarını, həmçinin xidmət haqqı olaraq pul verib.
Ruhiyyə bildirib ki, sonradan Nazilə ilə nə qədər əlaqə saxlasa da, o, müxtəlif bəhanələrlə onun qızıllarını qaytarmaqdan yayınıb. Onun sözlərinə görə, Nazilənin sonraki günlərdə zəngini açmaması nəticəsində aldadıldığını dərk edib.
Ruhiyyə bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Şikayət olunandan sonra təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəyib. Ruhiyyə ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nazilənin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi ilə bağlı barəsində olan cinayət işinə xitam verilib.
Eldar Məmmədli, Bizim.Media