Milli SƏRHƏD DİRƏKLƏRİ - Rusiya ilə sərhəddən Aytəkin Alxaslının REPORTAJI - VİDEO

Milli SƏRHƏD DİRƏKLƏRİ - Rusiya ilə sərhəddən Aytəkin Alxaslının REPORTAJI - VİDEO

Hazırda oxunan: Milli SƏRHƏD DİRƏKLƏRİ - Rusiya ilə sərhəddən Aytəkin Alxaslının REPORTAJI - VİDEO

89104

Qusarın rayon qəzetində işləyərkən müstəqil Azərbaycan Rusiya ilə dövlət sərhədində ilk buraxılış məntəqəsinin necə yaranmasını öz gözlərimlə görmüşəm, baş verən hadisələri izləmişəm.

Bəli, düz 30 il əvvəl, 16 iyun 1992-ci ildə İndiki Samur keçid məntəqəsində Yalama Əlahiddə Buraxılış Məntəqəsinin yaranması yaddaşıma bərk-bərk həkk olunub.
Bunları deməkdə təbii ki, məqsədim var.

Azərbaycanın Dövlət Sərhəd Mühafizəsinin 103 illiyi gününə Şimal sərhədində delimitasiya və demarkasiya ilə bağlı yazı hazırlamaq üçün müracət yolladım və qurumdan rəsmi icazə aldıqdan sonra üz tutdum Qusardakı Azərbaycan - Rusiya sərhəd zolağında yerləşən məntəqələrin birinə.

Əraziyə çatanda yanımdakı sərhədçilərə qəfildən Rusiya ilə sərhəddə yerləşən müşahidə məntəqəsinə qalxmaq istədiyimi bildirdim.

"Bacararsanmı? - Əlbəttə, bacararam" - dialoqundan sonra məntəqəyə yaxınlaşdıq. Və istinin lap tünlüyündə - 35 dərəcədən çox qaynar havada sərhədçilərin köməkliyi ilə 16 metr hündürlüyü olan qülləyə qalxdım, daha doğrusu, dırmaşdım.

Bu jestimlə mən də özümə görə xidmətlərini illərdir izlədiyim, cəsurluqlarını gördüyüm və təsvir etdiyim Azərbaycan sərhədçilərini 16 metrlik hündürlükdən uca səslə təbrik etdim. 

Məntəqədən Azərbaycan tərəfini - abad yolu, çölü, çəməni, kəndi, sakinləri, bir sözlə, görünən hər şeyi müşahidə etdim. Amma Rusiya tərəfə nəzər yetirmədim. Hesab etdim ki, bir Azərbaycan vətəndaşı olaraq hündürlükdən qonşu ölkəni müşahidə etməyim doğru olmaz.

Bu, mənlik deyil, bu, bizim dövlət sərhədimizi ayıq-sayıqlıqla qoruyan igid sərhədçilərimizin, mənim çətinliklə çıxdığım dəmir pillələri bir göz qırpımında qalxan cəsurlarımızın işidir.

Azərbaycan Rusiya ilə sərhəddə delimitadiya və demarkasiya ilə bağlı çox böyük işlər görüb. Dövlət Sərhəd Xidmətindən sorğumuz əsasında verilən cavabda deyilir ki, milli diplomatiyamızın böyük uğuru olan Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında 2010-cu ildə imzalanan sənəd demarkasiya prosesinə başlamağa imkan yaradıb:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Demarkasiya Komissiyasının fəaliyyəti nəticəsində 2018-ci ilin 22 fevral tarixində dövlət sərhədində ilk sərhəd nişanının təntənəli surətdə quraşdırılmasından ötən müddətdə ümumi uzunluğu 390,3 km olan ərazinin 143,6 km-lik hissəsində sərhəd xəttinin dəqiqləşdirilməsi və müvafiq qaydada işarələnməsi prosesləri uğurla yekunlaşıb.

Cari ilin 4-9 iyul tarixlərində iki ölkənin demarkasiya üzrə işçi qruplarının birgə iştirakı ilə Azərbaycan-Rusiya dövlət sərhədinin yüksək dağlıq hissəsində 38-43-cü delimitasiya nöqtələri (Quba rayonunun Bazardüzü dağı - Qusar rayonunun Sudur kəndi) istiqamətində təşkil edilmiş səhra çıxışı nəticəsində daha 8 nöqtədə sərhəd nişanlarının yerləri təyin edilib.
Beləliklə, Azərbaycan-Rusiya dövlət sərhədindəki sərhəd nişanlarının ümumi sayı 142 əsas, 44 köməkçi olmaqla 186-ya çatdırılıb.

Bununla da Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üçün nəzərdə tutulmuş tədbirlərin icrası tam həcmdə yerinə yetirilib.

Növbəti mərhələdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının Böyük Qafqaz dağ silsiləsi istiqamətində demarkasiya işlərinin davam etdirilməsi nəzərdə tutulur". 

Növbəti delimitasiya və demarkasiya yazısını Azərbaycan-Ermənistan sərhədindən hazırlamaq diləyi ilə,

Aytəkin Alxaslı, Bizim.Media

QEYD: Material MEDİA Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi - bəndinə uyğun olaraq hazırlanıb.

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO