Bakıdakı parklar necə idarə olunur, faydasıni kim görür? - ARAŞDIRMA

Bakıdakı parklar necə idarə olunur, faydasıni kim görür? - ARAŞDIRMA

Hazırda oxunan: Bakıdakı parklar necə idarə olunur, faydasıni kim görür? - ARAŞDIRMA

8906

Bakıda abad parkların sayı günü-gündən çoxalır. Paytaxtın müxtəlif yerlərində yerləşən bu parkların hər birinin öz infrastrukturu, inzibati binaları, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var.

Lakin abadlaşan parklarda, sosial və kütləvi mədəni tədbirlərə demək olar ki, çox az sayda rast gəlirik. Düzdür, indi pandemiya dövrüdür, belə layihələrin keçirilməsinə icazə yoxdur. Amma məsələ burasındadır ki, pandemiyaya qədər də vəziyyət eyni idi.

Xaricdə məsələn, ABŞ, Britaniya, Xorvatiya və Şotlandiya kimi ölkələrdə  parkların menecerləri olur. Bu şəxslər parklarda sosial və mədəni tədbilərin təşkil olunmasında iştirak edir.

Onlar parkları sadəcə gəzmək, istirahət etmək üçün deyil, həm də mədəni-kütləvi tədbirlərin məkanına çevirmək üçün istifadə edirlər. Bizdə isə yalnız xüsusi günlərdə parklarda tədbirlər ya keçirilir, ya da ki, çox maraqsız təşkil olunur.

Elə parklar var ki, onların inzibati binaları və xeyli sayda əməkdaşları da mövcuddur. Elə Yasamal parkından danışaq.

Bu parkın yüksək standartlara cavab verən inzibati binası var. Görünür, balansında kifayət qədər əməkdaşları olan belə parklarda işçilər kütləvi mədəni tədbirləri təşkil etməkdə, aidiyyatı orqanların qarşısında təşəbbüslərlə çıxış etməkdə tənbəllik edirlər.  

Çünki günü-gündən abadlaşan parklarımızda belə tədbirlərin baş tuta bilməməsində  başqa səbəb görmürük.

Sosioloq Sahib Altay söyləyir ki, bizdə hələ də sovet düşüncəsi  yaşanır. Bu mənzərə istər dövlət, istərsə də insanların yaşayış tərzində üzə çıxır:

“Düşünürəm ki, insanların sosiallaşması üçün sosial rifahının yüksəldilməsinə ehtiyac var. 12 saat işləyən insan hansısa yarmarkaya, aksiyaya getməkdə maraqlı deyil. Və eyni zamanda parklarda belə tədbirlərin olmasında QHT-lərin və xüsusi digər təşkilatların rolu olmalıdır. Onlar isə bizdə dövlətdən qrant yeməklə məşğuldurlar.

Ölkədə tədbirlər qapalı məkandan ictimai yerlərə daşınılmalıdır.  Əgər o parklar özləri nələrsə edə bilmirlərsə, dövlət tədbirlərimiz sosiallaşmalıdır. Tədbir olan kimi bizdə qalstuklu dayılar başda otururlar. Və sonra da deyirlər ki, filan tədbir keçirildi. Halbuki o tədbiri ictimai həyata daşımaq olar. Məsələn, parklarda xəstə uşaqlar üçün aksiyalar, musiqi festivalları, milli mənəvi dəyərlərin təbliğatı ilə bağlı tədbirləri, rəsm sərgilərini keçirmək lazımdır.

Parklarda hər bir sahəyə aid tədbirlər təşkil olunmalıdır. Yetər ki, bunu ənənə halına gətirə bilək. Parklar sosial fəaliyyətlə məşğul olan qurumlara və ayrı-ayrı şəxslərə açıq olmalıdır. Bu məsələnin kökü QHT-lərlə bağlıdır. Düzdür, bu sahədə parkların da öz işçisi və təşəbbüsü olmalıdır. Bizdə mədəniyət evləri var, onlar yalnız Yeni il və Novruz Bayramı tədbirləri keçirirlər”.

Araşdırmamız zamanı əlaqə saxladığımız bir neçə parkların işçiləri dedi ki, biz karantinə görə işləmirik.

Öyrəndik ki, bütün parklar bir quruma tabe deyil. Məsələn, “Zabitlər parkı” Müdafiə Nazirliyinə, Filarmoniya bağı Dövlət Filarmaniya Mərkəzinə, “Xəqani bağı” Səbail Rayon İcra Hakimiyətinin tabeliyindədir. Hər bir qurum istədiyi kimi  parkların fəaliyyətini təşkil edə bilər.

Bir fakt da maraqlıdır ki, parklarda yalnız mədəni kütləvi tədbirlərin keçirilməsi onların maraq dairəsində deyil.

Mövzunun əvvəlində qeyd etdiyimiz kimi çoxsaylı kafe və restoranların fəaliyyət göstərməyinə şərait yaradılır.

“Bakı Abadlıq” MMC-nin direktor müavini Firdovsi Hüseynov deyir ki, belə məkanların fəaliyyət göstərməsinə Bakı Şəhər Ticarət Departamenti nəzarət edir.

İcazə veriləndə ödənişlər də onlara edilir:

“Bizim qulluq göstərdiyimiz və tabeliyimizdə 500-dən çox ictimai ticarət yerləri, uşaq meydançaları, parklar, yaşıllıq zolaqları var. Və orada fəaliyyət göstərdiyimiz üçün heç birindən ödəniş, pul götürülmür".  

"Xidmət göstərdiyimiz parklarda tikili, inzibati bina yoxdur. İşçilər “Bakı Abadlıq” MMC-nin işçiləridir. İşimiz yalnız silmək, süpürmək və təmizləməkdən ibarətdir. Bakı şəhərində olan bütün parklar bizim xidmətimizdə deyil. Hər bir rayonun özünün nəzarətində və tabeçiliyində olan parklar var. Bunlara biz baxmırıq, yalnız xidmət apardığımız parklara baxırıq".

"Bir söz də deyim ki, xidmətimizdə olan parklarda müşahidə etmişik ki,  məsələn parkda kitab yarmarkası keçirilir. Belə tədbirlərə icazəni Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və ya tebeliyində olan digər idarələr verir".

"Baş tutan tədbirlərdə bizə heç bir ödəniş olunmur. Biz parklarda tədbir təşkil etmək, çəkiliş aparmaq istəyənlərə köməklik edirik. Yetər ki, istək olsun”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO