Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI

Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI

Hazırda oxunan: Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI

8888

“Azərbaycanda yenidən təhsil müəssisələrinin açılması gözlənilir və bu, mümkündür. Xüsusilə, ibtidai sinif şagirdləri və ali təhsil müəssisələrində oxuyan I kurs tələbələri üçün keçərlidir".

"Yaranmış boşluqların aradan qaldırılmasından ötrü qismən tədris prosesinin bərpası mümkündür. Tədris prosesi beynəlxalq təşkilatların rəylərinə əsasən də bərpa edilməlidir. Çünki təhsilin bu qədər müddətdə bağlı qalması ciddi problemlərə gətirib çıxarır".

"UNİCEF-in və BMT-nin hesabatlarında qeyd olunur ki, pandemiya dünya üzrə 2 milyard şəxsin təhsilinə təsir göstərib və 600 mindən çox insan təhsildən kənarda qalıb”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər və gözləntilərdən danışarkən deyib. 

 

MÖVZU İLƏ BAĞLI:

Uzaqdan təhsilin yaxın problemləri

“10 günə qiymətləndirmə aparmaq mümkün deyil” – Ekspertdən Nazirliyə ETİRAZ 

 

Onun sözlərinə görə, artıq dünyanın bir çox ölkələri tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərarlar qəbul ediblər:

''Azərbaycanda da bu həftə Təhsil Nazirliyi tədris prosesinin növbəti aylarda təşkili ilə bağlı qaydaları açıqlayacaq. Bu məsələdə ciddi bir neçə nüans var. Qeyd edim ki, ötən il martın 3-dən etibarən onlayn qaydaya keçirilən təhsil prosesi yaranmış boşluğu doldura bilmədi".

“Microsoft Teams” proqramı və Virtual layihə vasitəsilə tədrisə start verilsə də,  tədris 4447 orta ümumi təhsil məktəbində təhsil alan bütün şagirdlərimiz əhatə etmədi. Riyaziyyat, Kimya, Fizika kimi fənnlərin şagirdlərə çatdırılmasında çıətinliklər yarandı. Bunun ardınca mərhələlər və növbəlilik qaydada tədrisin başlanmasına qərar verilsə də, epidemioloji vəziyyətin gərginləşməsi bu şansı da əldən verdi və yenidən onlayn tədrisə start verildi. İndi isə vaksinasiya mərhələsi başlayıb”. 

Ekspert yenidən mərhələli şəkildə ənənəvi təhsilə keçidin bərpa ediləcəyini istisna etməyib:

“Tədrisin bərpası 4447 məktəbdə təhsil 1,6 milyon şagirdin, 52 ali təhsil müəssisəsində 185 min tələbənin, orta ixtisas təhsil müəssisəsinin 50 minə yaxın tələbəsinin yenidən təhsil müəssisələrinə tam şəkildə getməsi demək deyil. Burada da proses pilləli və mərhələli şəkildə həyata keçəcək. Kütləvilik ciddi problemlərə səbəb ola bilər. İbtidai sinif şagirdləri ənənəvi qaydada məktəbə getməlidirlər".

"Onların yazma, oxuma qabiliyyəti onlayn qaydada formalaşmır. Şagirdlərimiz 11 aya yaxındır ki, tədris prosesindən kənarda qalıblar. Onlar fiziki və psixoloji cəhətdən tədris prosesinə hələ adaptasiya ola bilməyəcəklər".

"Ona görə tədrisi qismən mərhələli şəkildə başlamaq lazımdır ki, onlar yeni rejimə və qaydalara öyrəşsinlər. Bundan əlavə ənənəvi qaydada dərslərin həftənin bütün günlərində keçirilməsi mümkün görünmür. Həftənin maksimum 3 günü üçün tədris prosesinin bərpa edilməsi gözlənilir”.

K.Əsədov hesab edir ki, akademik əhəmiyyəti vacib olmayan, yəni fiziki tərbiyə, musiqi, texnologiya kimi fənnlərin ənənəvi qaydada keçirilməsinə ehtiyac yoxdur:

“Əvəzində digər fənnləri əlavə olaraq 11 ay kənarda qalan tədris prosesinin bərpası üçün artırmaq olar. Vacib məqamlardan biri də 9 və 11-ci siniflərin ənənəvi qaydada tədrisə cəlb edilmələridir".

"Onlar 2021-ci ilin mart ayından sonra buraxılış, sonra isə qəbul imtahanları verəcəklər. Bununla yanaşı universitetlərin I və IV kurs tələbələri də bu zərurətdən istifadə etməlidirlər”.  

Qeyd edək ki, bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər açıqlanacaq. Həmçinin ötən ilin martından ənənəvi qaydada fəaliyyətini dayandıran təhsil müəssisələrinin II yarımildə necə təşkil olunacağı məsələsinə aydınlıq gətiriləcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO