11 ildir ölü kimi qeydiyyata alınan Quba sakininin qardaşı DANIŞDI: “Məhkəməyə bizi çağırmayıblar...”

11 ildir ölü kimi qeydiyyata alınan Quba sakininin qardaşı DANIŞDI: “Məhkəməyə bizi çağırmayıblar...”

Hazırda oxunan: 11 ildir ölü kimi qeydiyyata alınan Quba sakininin qardaşı DANIŞDI: “Məhkəməyə bizi çağırmayıblar...”

88653

Qubada maraqlı, həm də tragekomik bir hadisə baş verib. Bu, nəinki bilənləri, eşidənləri də şoka salıb.

1996-cı ildən Rusiyaya gedən Abil Zeynalov doğulduğu rayonda ölü kimi qeydiyyatdadır.

Gündəmə çevrilən bu qəribə mövzunu Bizim.Media olaraq biz də araşdırdırdıq. Sən demə, bu məsələ  son bir -iki ilin söhbəti deyil, tarixçəsi düz 11 ilə gedib çıxır.

Vətəninə qayıda bilməyən Abilin qardaşı, Qubanın Rustov kənd sakini Nazim Zeynalov deyir ki, 2011-ci ildən mən bu işlə məşğulam:

“Quba Qeydiyyat şöbəsindən arayış almaq istəyəndə qardaşımın ölü kimi qeydiyyatda olduğunu öyrənmişəm. Şoka düşmüşəm o vaxtdan .Yazmadığım yer də qalmayıb. Kənd icra nümayəndəliyinə, məhkəməyə və yuxarı təşkilatlara.

Heç kim məni eşitməyib 11 ildə. İndi məsələ ictimailəşib.

Dövlət təşkilatları mənə, ailəmizə kömək eləsinlər ki, Abil gəlsin öz vətəninə. Ona təcili Azərbaycandan kömək olunmasa, qardaşım indi həqiqətən öləcək”.

Nazim Zeynalov məlumat verdi ki, 2011-ci ildə qardaşımın ölümü ilə bağlı məhkəmə qətnamə çıxaranda ailəmizdən zərərçəkən kimi heç kim iştirak etməyib:

“Qardaşımın keçmiş arvadı bunu edib. Onu haradasa başa düşürəm, acıqlıdır, qisas almaq niyyəti vardı. Bəs sorğusuz-falansız hansısa vətəndaşı necə ölü və ya diri elan eləmək olar

Niyə bizim ailədən kimsə çağrılmayıb məhkəməyə? Birtərəfli məhkəmə olar? Bu məsələnin  özü də kökündən araşdırılmalıdır niyə biz çağrılmamışıq?”

Nazim Zeynalov deyir ki, indi bu məşum olayla bağlı Quba rayon məhkəməsinə müraciət etməyə hazırlaşır. Mənə qardaşımın qayıtması üçün heç bir kömək etməsələr Ədliyyə Nazirliyinə müraciət edəcəyəm”.

Quba rayon məhkəməsindən Bizim.Media-ya verilən açıqlamaya görə isə 2011-ci ildə məhkəmə müraciət əsasında qərar çıxarıb:

“Azərbaycan Mülki-Prossesual Məcəlləsinin 312-316-cı maddələrinə əsasən, 3 il ərzində barəsində yaşadığı ünvana heç bir məlumat daxil olmursa,həmin şəxs itkin düşmüş sayılır.

Barəsində 5 il müddətində heç bir məlumat olmadığı təqdirdə isə həmin şəxs ölmüş hesab edilir. Təbii ki, bu zaman onun barəsində müraciət daxil olursa, məhkəmə həmin vətəndaşın ölü olduğu haqqında qərar çıxarır və vətəndaşın sorğusu təmin edilir”.

Quba rayon məhkəməsindən o da bildirildi ki, ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələrsə, ona haqqının bərpası üçün lazımi köməklik ediləcək.

İş orasındadır ki, 26 ildir Rusiyada yaşayan Abil Zeynalovun Azərbaycana dönüşü özü böyük hüquqi prosedurdur və sənədlərin düzüb-qoşulması üçün çoxlu qapı döyülməlidir.

Qardaşı Nazim Zeynalov düz 11 ildir ki, bu məsələ ilə uğraşır. Əgər dövlət orqanları bu işə qol qoymasa, onun Vətənə dönüşü mümkün olmayacaq. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO