Təxminən 1 ilə yaxındır ki, əksər dayanacaqlardan "Bakıkart" aparatlarının yığışdırılması müşahidə olunub. Bu tendensiya indi də davam edir və artıq dayanacaqların çoxunda sözügedən aparatları görmək mümkün deyil.
Sərnişinlər "Bakıkart" aparatlarının yığışdırıldığı dayanacaqlarda sözün əsl mənasında çətinlik yaşayırlar.
Bununla bağlı Bizim.Media-ya müraciət edən narazı sərnişinlər, xüsusilə yaşlı nəslin nümayəndələri gediş yükləmək üçün "MilliÖn" terminallarını axtarmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
MÖVZU İLƏ BAĞLI:
Sərnişinlər BNA-dan yenə şikayətçidir – “Kart doldurmaq üçün nə edək?”
Dediklərinə görə, hər ərazidə "MilliÖn" aparatı və ya bu yükləmə terminalının yerləşdiyi supermarket yoxdur. Şikayətçilər ilk növbədə belə bir ərazi olaraq S.Vurğun bağını misal çəkiblər və bu kimi dayanacaqların çox olduğunu qeyd ediblər.
“Bakıkart" aparatları niyə əlçatanlığını itirir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “BakıKart"ın balansının daha rahat artırıla bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni imkanlar yaradıldığını əsas gətirib:
"Avtobus dayanacaq məntəqələrindən ödəmə terminallarının götürülməsi əsasən provayderlərin səlahiyyətinə aid olan məsələdir və bununla bağlı öz əsaslandırmaları var.
Əgər əvvəllər hansısa qəsəbə və yaşayış məntəqəsində ödəmə terminalı yox idisə, sərnişinlər hansısa metrodan gediş yükləməyə məcbur olurdular. Amma indi həmin ərazidə “MilliÖn”aparatları dükanların içində var.
Yəni bütün marketlərdə bu aparatlar var və insanlar əvvəlcədən yükləməni oradan edə bilərlər. Yaşlı nəslin nümayəndələri hansı ki, deyirik smart cihazlardan istifadə edə bilmirlər, axı kommunal ödənişləri də məhz həmin terminallar vasitəsilə icra edirlər”.
Mais Ağayev qeyd edib ki, əvvəl “BakıKart” terminalları ilə "MilliÖn" aparatlarının sayı 300-ə yaxın idi:
"İndi təkcə "BakıKart" terminallarının sayı 177-dir. Bu aparatlar bəzi dayanacaqlara və metrostansiyalara daxildir. Bakı şəhəri üzrə “MilliÖn”ün sayı isə 1331-dir. 50 yaşdan yuxarı vətəndaşlar ən azı marketə gedib çörək alırsa, orada rahat şəkildə “BakıKart”a da gediş yükləyə bilərlər. Avtobusa minən vaxtı ödəməyə nə zərurət var ki? Tövsiyə edirik ki, alternativ ödəmə imkanlarından yararlansınlar”.
Alçina Amilqızı, Bizim.Media