Elektromobillərin ÜSTÜNLÜKLƏRİ – Təbiəti və büdcəmizi niyə qorumuruq?

Elektromobillərin ÜSTÜNLÜKLƏRİ – Təbiəti və büdcəmizi niyə qorumuruq?

Hazırda oxunan: Elektromobillərin ÜSTÜNLÜKLƏRİ – Təbiəti və büdcəmizi niyə qorumuruq?

86978

Uzun müddətdir ki, bütün dünyada daxiliyanma mühərrikli avtomobillərin tamamilə istismardan çıxarılması istiqamətində ciddi tədbirlər görülməkdədir. Bir çox ölkələr artıq radikal qərarlar verərək, ətraf mühitə əlverişli elektromobillərin istifadəsi üçün qəbul etdikləri proqramlarla bir sıra məhdudiyyətlər tətbiq edəcəklərini də elan ediblər.

Nümunə kimi, Norveçi ön plana çıxara bilərik. Norveç hökuməti 2025-ci ilə qədər daxiliyanma mühərrikli avtomobillərin satışının qadağan edilməsi ilə bağlı plan hazırlayıb. Bu ölkədə 2021-ci ildə satılan avtomobillərin məhz 65%-i elektromobillər olub.
 

MÖVZU İLƏ BAĞLI:

2022-ci ildə ölkəmizə nə qədər elektromobil gətirilib? – Bu növ maşınlara tətbiq olunan GÜZƏŞTLƏR


Norveçlə yanaşı bir sıra digər inkişaf etmiş ölkələrdə də bu tip avtomobillərin istifadəsinə və stimullaşdırılmasına ciddi diqqət göstərilir. 

Bundan əlavə, dünyanın aparıcı avtomobil istehsalçıları da daxiliyanma mühərrikli avtomobillərin istehsalını azaltmaq siyasətini yürüdürlər. Dünyanın ən böyük maşın istehsalçılarından olan “Volkswagen” və “Toyota” kimi şirkətlər yaxın 10 il ərzində tamamilə elektromobil istehsalına keçəcəklərini elan ediblər.

Bəs, ölkəmizdə elektromobillərlə bağlı vəziyyət necədir?

Azərbaycan qanunvericiliyinə əsasən, bu növ avtomobillərin idxalı və satışı, eləcə də enerjidoldurma alətlərinin idxalı ƏDV-dən azad olunub.

Eyni zamanda "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alan müddəalardan biri də ekoloji cəhətdən daha təhlükəsiz, ətraf mühitə az zərərli nəqliyyat vasitələrinin, xüsusilə də elektromobillərin Azərbaycanda stimullaşdırılması üçün tədbirlərin görülməsi ilə bağlıdır.

Lakin yenə də inkişaf etmiş ölkələrlə müqayisədə elektormobillərə ölkəmizdə daha az rast gəlinir. Doğrudur, son illərdə bu sahədə artım gözə çarpsa da, bu ilin ilk ayında idxal olunan elektromobilləri sayının 153 olması vəziyyətin heç də istənilən səviyyədə olmamasının göstəricisidir.

Elektrik mühərrikli nəqliyyat vasitələrinə marağın az olması isə iki əsas səbəblə izah olunur:

1. Təbliğat və maarifləndirmə kampaniyasının istənilən səviyyədə olmaması.

2. Bazarda bu növ maşınların azlığı səbəbindən ikinci əl elektromobillərin sayının azlığı.

Yeni əsrin texnologiyası

Statistikaya görə, Azərbaycanda atmosferi 84 faiz çirkləndirən məhz nəqliyyat vasitələridir. Xüsusilə də, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yollarımızda şütüməsi atmosferə vurulan zərərin miqdarını daha da artırır.

Elektromobillər isə daxiliyanma mühərriklərinə sahib olmadıqları üçün atmosferə istixana effektli qazlar buraxmırlar. Ekspertlərin hesablamalarına görə, ölkənin avtomobil parkının 30%-ni elektormobillərlə əvəzlənərsə, atmosferə atılan çirkləndiricilərin həcmini də qənaətbəxş səviyyəyə endirmək mümkün olacaq.

Ekologiya dostu olması ilə yanaşı elektromobillər cari istifadə xərcləri baxımından da daxiliyanma mühərriklərə malik analoqlarını xeyli qabaqlayır. Bu cür avtomobilə sahib olan sürücülər digər maşınlarla müqayisədə 4-5 dəfə daha az cari xərc çəkdiklərini bildirirlər.
Hesablamalarsa onu deməyə əsas verir ki, elektromobildən istifadə etməklə oxşar göstərici və konfiqurasiyaya malik daxiliyanma mühərrikli maşınlarla müqayisədə hər 5 min kilometr məsafədə 600 manata yaxın qənaət etmək mümkündür.

Bundan əlavə, daxiliyanma mühərriklərinin cari baxım xərclərini də nəzərə aldıqda (yağ dəyişimi, mühərrikə qulluq və s.) elektromobillərin nə qədər sərfəli olduğu daha aydın görünür.
Bir sözlə, istər ekologiyaya, istərsə də büdcəmizə dəyən ziyanı önləmək üçün nəqliyyat sektorunda radikal dəyişikliklərə ehtiyac var. Və elektrik mühərrikli avtomobillər bunun üçün ən ideal variant olaraq qalmaqdadır...

Murad Əhmədov, Bizim.Media

QEYD: Material MEDİA Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO