Qusarda Azərbaycan dili üzrə müəllim çatışmazlığı var – Neçə yer boşdur?

Qusarda Azərbaycan dili üzrə müəllim çatışmazlığı var – Neçə yer boşdur?

Hazırda oxunan: Qusarda Azərbaycan dili üzrə müəllim çatışmazlığı var – Neçə yer boşdur?

86484

“Qusar rayonunda hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə 18 vakant yer var və bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları mərkəzinə məlumat verilib”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz regional təhsil idarəsinin Qusar təhsil sektorunun müdiri Naira Kliçova deyib.

O, hazırda rayonun 18 kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim çatışmazlığından danışıb. Onun sözlərinə görə, 7 kənd məktəbində - Düztahir, Ləyərqışlaq, Quxuroba,Yuxarı Zeyxur, Əniğoba, Yasab,Sudur kənd məktəblərində dövlət dili fənnini tədris edən müəllimlər 65 yaş həddinə görə pensiyaya göndəriliblər. Hazırda 7 vakant yer də öz sahibini gözləyir və nazirlik də bu haqda məlumatlıdır.

Qusar rayonun şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta  məktəbin direktoru Arif Xəlilov isə deyir ki, çatışmazlıqlara baxmayaraq, bölgədə dövlət dilinin tədrisi yüksək səviyyədə aparılır:

“Hazırda Qusarın 86 təhsil ocağında 131 ixtisaslı Azərbaycan dili və ədəbiyyatı müəllimi var. Rayonda ötən dərs ilində Beynəlxalq Ana dili günləri ilə bağlı silsilə tədbirlər keçirilib. Dilimiz sərvətimizdir, Allah bizə nəsib edib ki, dövlətimiz var və biz öz doğma dilimizdə danışırıq, oxuyuruq”.

Bəs yeni yaradılan Quba-Xaçmaz regional təhsil idarəsinin şimal bölgəsi rayonlarında dövlət dilinin tədrisində keyfiyyətin yaxşılaşdırılması ilə bağlı hansı planları var?

Qurumun mətbuat mərkəzindən Bizim.Media-ya açıqlama verilib ki, qarşıdakı yeni tədris ilində bölgənin Qusar, Quba, Xaçmaz, Siyəzən, Şabran rayonlarındakı tədris müəssisələrində dövlət dili fənninin tədris səviyyəsinin artırılması  üçün olimpiadaların keçirilməsi nəzərdə tutulur:

“Bu, şagirdlərdə, xüsusilə Qusar və Xaçmazın Nabran-Yalama kəndlərində yaşayan ləzgi milliyyətindən olan məktəblilərin dövlət dilimizi daha mükəmməl bilmələrinə şərait yaradacaq. Ümumiyyətlə, heç bir fərq qoymadan regional təhsil şöbəsi olaraq dövlət dilinin düzgün mənimsənilməsində və şagirdlərin düzgün danışmasında maraqlıyıq. Bu istiqamətdə işlərimiz ilboyu  davam edəcək”. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO