Azərbaycanda məhkum həbsxanadan niyə qaçıb? – ŞOK TƏFƏRRÜAT 

Azərbaycanda məhkum həbsxanadan niyə qaçıb? – ŞOK TƏFƏRRÜAT 

Hazırda oxunan: Azərbaycanda məhkum həbsxanadan niyə qaçıb? – ŞOK TƏFƏRRÜAT 

86465

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən 1990-cı il təvəllüdlü Ramil Əliyevin saxlanıldığı həbsxanadan qaçmasının təfərrüatı məlum olub.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Ramil Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının çəkilməmiş qalan 1 il 11 ay 11 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Şəki Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.  

Bundan sonra Ramil 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə etap edilib. O, həmin müəssisədə cəza çəkdiyi müddətdə müəssisənin giriş-çıxış qapısının açıq olmasını bilib, oradan çıxaraq qaçıb.  

İstintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 304.1-ci (Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması) maddəsi ilə ittiham elan eidlib.  

“Pulu yüksək deməyimi xahiş etdi” 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ilin iyun ayının 30-dək Gəncə şəhəri 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkib:  

“27 iyul 2020-ci ildə müəssisə rəhbərliyinin əmri ilə 5 gün müddətində barəmdə cərimə təcridxanasına keçirilməsi barədə qərar verilib. Həmin vaxt qısa müddətli ailə görüşündə olan zaman tanışım Cəfər vasitəsilə banka kredit ödənişində gecikməsi olan avtomobilimi alaraq, həmin avtomobili təmir edib, satacağına razılaşdım. Həmin vaxt Cəfər mənə atası Elşənin avtomobilin təmiri üçün xərclədiyi pulların məbləğinin yüksək deməyimi xahiş etdi”.  

“Haqq-hesab edəcəyini söylədi” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cəfərin atası Elşənin yanında pis olmaması üçün ona avtomobilə şişirdilmiş məbləğdə pul xərclədiyini bildirib: “Bundan başqa Cəfər dəfələrlə atası Elşəni aldadıb, yüksək məbləğlərdə pulu evdən götürərək xərcləyib. Sonra Cəfərin atası Elşən adlı şəxs yanıma gələrək avtomobilin hansı məbləğə satılacağını məndən soruşdu. Elşənə avtomobili 5500 manat civarında satacağımı bildirdim. Bu zaman Elşən Cəfərin avtomobil almaq adı ilə evdən 8000-9000 manat məbləğində pul götürdüyünü bildirdi, mənimlə bu məsələni haqq-hesab edəcəyini söylədi”.  

“Sakitcə getmək istədim” 

Ramil qeyd edib ki, bundan sonra Elşən onun barəsində Nizami rayon Polis İdarəsinə müraciət edib:  

“Həmin şikayət əsasında müəssisə rəisi tərəfindən 27 iyul 2020-ci il tarixli qərarla cərimə təcridxanasına keçirildim. Həmin vaxt ailəm Bakı şəhərində olduğundan, maddi vəziyyətlərimizi yaxşı olmadığından narahatçılıq hissi keçirərək 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qala bilmədim.
İyulun 27-də cərimə təcridxanasına keçirilməməyim ilə bağlı həmin müəssisənin rəisinin yanında oldum. Rəisdən məni cərimə təcridxanasına salmamağını, məni qısamüddətli görüşə buraxmağını xahiş etdim. Həmin rəis mənə şikayətçini razı salmağımı  bildirdi. Daha sonra bu məsələni yoluna qoyacağını söylədi. Cərimə təcridxanasında olduğum müddətdə narahatçılıq hissi keçirərək ailə üzvlərimi fikirləşdim və müəssisədən sakitcə getmək istədim”.  

“Oradan çıxaraq qaçdım” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 30-da, saat 21 radələrində cərimə təcridxanasında olan zaman rəisin növbə üzrə köməkçisi, nəzarətçi 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xidmət aparıb:  

“Bu zaman adını bilmədiyim digər məhkum yoldaşım cərimə təcridxanasını təmizləmək üçün növbə rəisinin köməkçisi ilə birlikdə cərimə təcridxanasının qarşısına gəldi. Növbə rəsinin köməkçisi yanına gələn zaman nəzarətçi Elzamin Məşədiyevi ərzaq almaq üçün mağazaya göndərdi. Bu zaman növbə rəisi məni də təmizlik işləri görməsi üçün  çölə çıxardı. Məndən cərimə təcridxanasının qarşısında dayanmağımı tapşırdı. Köməkçi soyuducuya nə isə qoyaraq əlini yumaq üçün cərimə təcridxanasının içərisinə daxil oldu. Mən isə cərimə təcridxanasının qarşısında dayanaraq ətrafa baxdım. Elzamin Məşədiyevin mağazaya gedən zaman qapını açıq qoyduğunun şahidi oldum. Həmin vaxt oradan qaçaraq Bakı şəhərinə getmək qərarına gəldim. Bu zaman oradan çıxaraq qaçdım”. 

“Parkda və çöllərdə qaldım” 

Ramil bildirib ki, Gəncə şəhəri ərazisində tanımadığı bir nəfər şəxsə yaxınlaşıb və onun mobil telefonunu alaraq qayınatasına zəng edib: “Həmin vaxt oğlum Elayla danışdım. Sonra sağollaşaraq telefonu sahibinə qaytardım. Həmin vaxt oğlum üçün darıxdığımı anladım və Bakı şəhərinə getmək üçün Göygöl rayonu, Hacıməlik yoluna tərəf çıxdım. Orada tanımadığım yük maşınına əl etdim, onunla Goranboy rayonuna getdim. Goranboy rayonunda taksiyə əyləşdim və Bakı şəhərinə yollandım. Bakı şəhərinə gedərək bir müddət parkda və çöllərdə qaldım”.  

“Barəmdə iş getdiyini bildirdi” 

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 29-da çalışdığı avto servisdən çıxıb və Babək prospekti ilə hərəkətdə olan adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşaraq telefonla danışmaq istədiyini bildirib: “Məndən telefon verməyimi xahiş etdi. Sonra həmin şəxs özünü Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşı olduğunu bildirdi. Mənə problem yaratmamağı və birlikdə onunla getməyimi bildirdi. Polis əməkdaşına heç bir etiraz etməyərək onların avtomobilinə əyləşdim və 25-ci polis şöbəsinə yollandım. Orada barəmdə Gəncə şəhər prokurorluğu tərəfindən axtarış qərarı olduğu bildirildi. Həmçinin barəmdə Bakı şəhəri, Nizami rayon Polis İdarəsində araşdırma getdiyi söylənildi”.  

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, himayəsində 1 az yaşlı uşağı olduğunu, atasının müharibə veteranı, özünün 2-ci qrup əlil olduğunu bildirib. O, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.  
Məhkəmənin hökmü ilə Ramil 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli həbs olunduğu vaxtdan, 29 sentyabr 2021-ci ildən hesablanması qərara alınıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO