Vüqar Səfərlinin aqibəti necə olacaq?

Vüqar Səfərlinin aqibəti necə olacaq?

Hazırda oxunan: Vüqar Səfərlinin aqibəti necə olacaq?

85856

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və digər şəxslərin barəsində verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, kassasiya şikayəti üzrə məhkəmənin baxış iclası sentyabrın 21-ə təyin olunub. 

İş araşdırılması üçün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatında araşdırılacaq. 

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də mühakimə olunublar.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli yenidən məhkəmə qarşısında – 18 milyon 500 min manatlıq yeyinti...


Xatırladaq ki, Vüqar Səfərli və digər təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. 

Vüqar Səfərli, Nadir Məmmədov və Ədalət Vəliyev üzərinə həbs qoyulan əmlaklarının onlara qaytarılmasını tələb edirlər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il, N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Digər təqsirləndirilən şəxslər - B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib. 

Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirlilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər. 
Eyni zamanda, hökmdə göstərilib ki, V.Səfərlinin Bakının Xətai və İsmayıllı rayonlarında yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub. 

Bundan başqa, N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub. 

Vüqar Səfərlinin 3 il dövlət orqanlarında vəzifə tutmaqdan məhrum edilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vüqar Səfərlinin apellyasiya şikayəti təmin edilməyib. 

Digər təqsirləndirilən şəxslərin də apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Aparılmış istintaq tədbirləri ilə Vüqar Səfərlinin Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfərlə əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus 18 milyon 500 min manatın mənimsəmə və israf etmə yolu ilə talanmasına əsaslı şübhələr müəyyən edilib. 

Həmçinin, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına da əsaslı şübhələr müəyyən edilib. 
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. 

Cinayət işi üzrə Media İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO