Urmiya gölünün quruma SƏBƏBLƏRİ - Onu xilas etmək mümkün olacaqmı?

Urmiya gölünün quruma SƏBƏBLƏRİ - Onu xilas etmək mümkün olacaqmı?

Hazırda oxunan: Urmiya gölünün quruma SƏBƏBLƏRİ - Onu xilas etmək mümkün olacaqmı?

85581

Xəbər verdiyimiz kimi, İranın Qərbi və Şərqi Azərbaycan ostanında yerləşən Urmiya gölünün bərpası üçün İran hökuməti hərəkətə keçib. Belə ki, artıq görülməsi nəzərdə tutulan işlər üçün 7,8 milyon dollara yaxın vəsait də ayrılıb. 

Məlumat üçün bildirək ki, 2003-cü ildən başlayaraq Urmiya gölü sürətlə qurumağa başlayıb. Urmiya gölü 2013-cü ildə tamamilə quruma təhlükəsi ilə üzləşib. Hazırda gölün 95 faizinin quruduğu bildirilir. İranda Urmiya gölünün qurumasının qarşısının alınması üçün zaman-zaman aksiyalar keçirilir.

Bəs, Urmiya gölünü əvvəlki vəziyyətinə qaytarmaq, yaxud da ən azı qurumasının qarşısını almaq mümkün ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Ənvər Əliyev əvvəlcə bir sıra tarixi məqamları diqqətə çatdırıb:

“Urmiya gölü tarixi assur və türk etnosları üçün doğma məkan sayılır. Hətta assuriyalılar öz başlarının üzərindən Urmiya gölünün rəsmini asır, onu müqəddəs hesab edirlər. Urmiya çox qədim tarixə və insan sivilizasiyasının formalaşmasında önəmli rola malik olan su mənbəyidir”.

Alim qeyd edib ki, göl son dönəmlərdə antropogen təsirlər nəticəsində belə bir bəlaya düçar olub:

“Bildiyimiz kimi, gölün ətrafında yaşayan əhalinin əksəriyyəti, azərbaycanlılar, türklərdir. İranın sanksiyalara məruz qalması və əhali sayındakı artım isə əhalini təsərrüfat sistemini daha da genişlənməsinə, yeni sahələrin yaranmasına səbəb oldu. Bu da situasiyanı daha da genişləndirdi. Burada əhali sayının artımını xüsusuilə qeyd etməliyik. Çünki son 30 illə müqayisədə sözügedən regionda əhali sayı 2-3 dəfə artıb. Hər yeni doğulan uşaqsa, əlavə 200-250 litr əlavə su məsrəfi deməkdir. Və təsəvvür edin ki, əhalinin artım sayı on minlərlədir...

Bir sözlə, gölün sutoplayıcı sahəsi (gölü qidalandıran çayların cəmi) əhalinin sayının artması və təsərrüfat sisteminin böyüməsi də məhz gölün qurumasına səbəb olub”. 

Ənvər Əliyev İran dövlətinin problemi həll etmək üçün proqram hazırladığını da diqqətə çatıdırıb:

“Lakin hökumətin daha geniş imkanları, eləcə də alternativ su mənbələrinin olmaması problemin qarşısının almasını çətinləşdirir. Buna rəğmən FAO və digər təbiəti mühafizə təşkilatları İrana bu istiqamətdə müəyyən məsləhətlər verib. Problemi həll etmək üçün irriqasiya sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasına ehtiyac var. Əgər bu addım atılarsa, gölün əvvəlki səviyyəsinə bərpa etmək çətin olsa da, su ehtiyatının azalmasının qarşısını almaq olar”.

Müsahibimiz onu da əlavə edib ki, regionun əhalisinin sayı yenə də artmağa davam edir:

“Ola bilər ki, stabilləşmə yaransın. Çünki İranda da mədəniləşmə və əhalinin ehtiyac üzündən sayının artmaması proqramları var. Buna baxmayaraq, gölün çirklənmə problemi də var. Çünki məişət tullantıları və digər mənbələr gölü çirkləndirirlər”.

Ənvər Əliyev gölün qurumasının ekosistemə də ciddi ziyan vurduğunu bildirib. 

“Lakin problemin qarşısını almaq üçün çıxış yolu yoxdur. Çünki əhali artır, su mənbələri də buna tərs mütənasib olaraq azalır. Nəticədə nə olursa olsun, problemli vəziyyət yaranır. Əgər ayrılan vəsaitdən səmərəli şəkildə istifadə olunsa, qeyd olunan tələblər yerinə yetirilsə, bəlkə də Urmiyanı müəyyən qədər xilas etmək olar. Lakin gölün əvvəlki vəziyyətinə qaytarmaq çətin məsələdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO