Yubilyar fotoqraf Rza Deqati: “Fotoaparatı ürəyinizin üstünə qoyub çəkin”

Yubilyar fotoqraf Rza Deqati: “Fotoaparatı ürəyinizin üstünə qoyub çəkin”

Hazırda oxunan: Yubilyar fotoqraf Rza Deqati: “Fotoaparatı ürəyinizin üstünə qoyub çəkin”

85565

Bu gün dünya şöhrətli fotoqraf, Azərbaycan əsilli foto-jurnalist Rza Deqatinin doğum günüdür. Rza Deqati 1952-ci il 26 iyulda Təbriz şəhərində anadan olub. İran inqilabından sonra Fransaya köç edən həmyerlimiz, “National Geographic” də daxil olmaqla, dünyanın bir çox nüfuzlu qəzet və jurnallarında çalışıb. 

70 illik yubileyi günüdə Rza Deqati, Bizim.Media-ya verdiyi müsahibəsində bu günə kimi keçdiyi sənət yolu və gələcək planları haqqında danışıb.

- Rza bəy, 70 illik yubileyiniz ərəfəsində dünən Azərbaycan Prezidenti tərəfindən “Dostluq” medalı ilə təltif edildiniz. Bu barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki cənab prezident bu medalı 50 milyonluq Azərbaycan xalqı adından mənə verib. Bu “Dostluq” medalı və dostluğumuzun hörməti adına onu deyə bilərəm ki, bundan sonra Azərbaycan adına gördüyüm işləri ən azı 10 dəfə artırmağa çalışacağam. Bu qiymət eyni zamanda mənə yeni məsuliyyət qazandırdı. Mənə və yaradıcılığıma verdiyi dəyərə görə cənab prezident İlham Əliyevə və sənətimə bəslədikləri sonsuz ehtirama görə dəyərli Azərbaycan xalqına təşəkkürümü bildirirəm.

- Qarabağımız işğaldan azad olduqdan sonra ora ilk səfər edənlərdən biri də məhz siz oldunuz. Öz kameranızın və hisslərinizin gücü ilə erməni vandalizminin acı nəticələrini dünyaya çatdırmağa çalışdınız. 1992-ci ildən sonra orada gördüklərinizi 30 illik bir zaman kəsiyində necə dəyərləndirirsiniz? 

- Hələ də çalışıram ki, Qarabağın hazırkı vəziyyətini 30 il bundan öncəki ilə müqayisəli şəkildə bütün dünyaya çatdırım. Erməni vandalizmi nəticəsində düz 30 il öncə Qarabağda yaşayan azərbaycanlıların həyatı sözün əsl mənasında cəhənnəmə döndü.

Məsələ burasındadır ki, onlar tək insan həyatlarını yox, o torpaqlarda mövcud olan hər şeyi məhv etməyə çalışıblar.
Mən 30 il sonra Qarabağ torpağına qonaq kimi yox, Azərbaycan qanı daşıyan biri kimi ayaq basanda həqiqətən çox kövrəldim. Bununla yanaşı bir zamanlar azərbaycanlı izlərinin itirilməyə başladığı bu torpaqlarda indi yenidən həyat qaynamağa başlayır.

İlk öncə doxsanıncı illərdə qaçqın ürəyinin məhv olunmuş arzularını, 44 günlük vətən müharibəsi ərəfəsində azad olunmuş torpaqlarda viran olunmuş yaşayış məskənlərini dünyaya göstərməyə çalışdığım kimi, indi bu torpaqların əsl sakinləri fonunda orada görülən bərpa işlərini, azərbaycanlı sevinclərini öz rəsmlərimlə dünyaya bəyan etməyə çalışacağam. Bütün dünya görməlidir ki, Qarabağ əsl sahiblərinin ayaqları altında möhtəşəmdir.

- Bəs 70 illik yubileyiniz günü Rza bəyin ürəyində qalan, həyata keçirə bilmədiyi hər hansı bir arzuları varmı?

- Mən həyatımın 70 ilinin düz 50 ilini peşəkar fotoqraf kimi çalışmışam. Həmişə istəmişəm ki, insanların xidmətində olub haqqın səsini dünyaya çatdıram. İndi də, bu missiyama sadiq qalaraq, fəaliyyətimi davam etdirirəm. Təbii ki, hər kəsin həyatında öz arzuları olur. İllər öncə Azərbaycan xalqının Qarabağa qayıtması, orada toyda düyündə qol qaldırıb oynamaları mənim ən böyüm arzularımdan biri idi.

Çox xoşbəxtəm ki, ölmədən müqəddəs Qarabağ torpağında üçrəngli Azərbaycan bayrağı altında çəkilişlər apara bildim.
- Yaxın zamanda həyata keçirməyi planlaşdırdığınız hər hansı layihələriniz varmı?

- Mən iki ildir “ADA” Universiteti ilə birlikdə çalışaraq, Qarabağ haqqında böyük bir veb sayt yaratmışam. Sentyabr ayında bu saytı dünyaya çıxaracayıq. Həmçinin Mədəniyyət Nazirliyi ilə birlikdə yeni kitab üzərində işləyirik. Hazırda Qarabağda qarşılaşdığımız ən böyük problem minalardır. Məhz bu mövzuda tezliklə Qarabağda yeni işlərimiz həyata keçiriləcək.

- Hazırda Azərbaycanda öz fotoları ilə dünyaya çıxmağa çalışan minlərlə gənc fotoqraflarımız var. Onlara nə tövsiyə edərdiniz?

- Onlara deyərdim ki, aparatı ürəyinizin üzərinə qoyub, yalnız ürəyinizdən gələnləri çəkin. Gənclər dünyanı ancaq öz ürəkləri ilə fəth edə bilərlər. Əgər ürək sənə nəyinsə yaxşı olduğunu söyləyirsə, əsla onu çəkməkdən çəkinmə. Sizin qəlbinizə xoş gələn hər şey başqalarına da xoş gələcək.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO