İşğaldan azad edilən Qiyaslı kənd məscidi haqda yeni FAKTLAR – FOTO

İşğaldan azad edilən Qiyaslı kənd məscidi haqda yeni FAKTLAR – FOTO

Hazırda oxunan: İşğaldan azad edilən Qiyaslı kənd məscidi haqda yeni FAKTLAR – FOTO

85564

Ağdamın işğaldan azad edilmiş ərazilərində növbəti məscidin bərpa işlərinə başlanıb. Bu, rayon ərazisində yerləşən Ağdam Cümə Məscidindən sonra ikinci məsciddir ki, burada da təmir işlərinə aparılır. Söhbət Qiyaslı kənd məscidindən gedir. 

Qiyaslı məscidi XVIII əsrə aid edilir. Abidə kəndin imkanlı şəxsləri tərəfindən 1898-ci illərdə inşa edilib. 

Uzun müddət kəndin ərazi nümayəndəsi işləmiş Sərxan Rüstəmov Bizim.Media-nın Qarabağ bürosuna verdiyi açıqlamada məscid haqqında heç bir yerdə yazılmamış bəzi məlumatları diqqətə çatdırıb:  

“Məscidin əsas binası kəndin imkanlı şəxsləri tərəfindən inşa edilsə də müəyyən səbəblərə görə, minarələrin inşası 10 ilə qədər gecikib. Ümumilikdə isə Qiyaslı kənd məscidi Ağdam Cümə Məscidi ilə demək olar ki eyni proyektdə olub. Yalnız yeganə fərqləri şəhər məscidindən hündür olmasıdır. Yəni cümə məscidi Qiyaslı məscidindən hündür olub”.

Uzun müddət Ermənistan ordusunun işğalı nəticəsində güclü dağıntılara məruz qalan dini-tarixi abidə hələ işğala qədər bir çox tarixə şahidlik edib. Belə ki, 1929-32 illərdə kolxozun inzibati binası kimi istifadə edilib. 

Sərxan Rüstəmov həmin illər binanın iki otağından birini kolxoz sədrinin, digəri isə kolxozun mühasibinin iş otağına çevrildiyini bildirir. Namaz qılınan sahəsinin isə kolxozun anbarına çevrilməsini deyir:

“Bundan sonra 1960-cı ildən 1970-ci ilə qədər kənd mağazası kimi fəaliyyət göstərib. Sonra Mağaza binası tikildikdən sonra – 1985-ci ildə oranı “Yaşıl aptek” ediblər. Bu tarix də 1989-cu ilə qədər davam elədi.  1989-cu ildə isə yenə bina tərk edildi. Bundan sonra isə məscid kimi istifadəyə verildi. Həmin dönəmdə kəndin xeyir-şər məclislərində kənd sakinlərinə müraciət etdim ki, məscidi bərpa etmək lazımdır. Bir neçə gün ərzində ora 18 ədəd qədim xalça bağışlandı. Məscid binasında lazım olan təmir işləri bitdi. İlk dini tədbir isə 1990-cı ildə 20 yanvar qurbanlarına həsr edilmiş tədbir oldu...”, - deyə Sərxan Rüstəmov qeyd edib.

Tanrı evinin bundan sonrakı taleyi də yaxşı olmur. Rayonun Qiyaslı kəndi düşmən işğalı altına düşməsi nəticəsində məscid binası tamamilə qarət edilərək dağıdılır. 27 illik işğaldan sonra Azərbaycan ordusu tərəfindən azad edilən məscidin təmir edilməsi ölkə ilahiyyatçıları arasında böyük sevinclə qarşılanıb.

Ölkənin tanınmış ilahiyyatçılarından biri, Ağa Hacıbəyli gördüyü mənzərəni belə şərh edib: 

“Bu, danılmaz faktır ki, ermənilər işğal etdikləri ərazilərdə dağıntıların, vandalizmin ən dəhşətlisini törədiblər. Ağdamın Qiyaslı kənd məscidi də həmin vandalların amansız dağıntılarına məruz qalıb. Əslində məscidlər, məbədlər, sineqoqlar səmavi dinlərin ibadət mərkəzləridir. Onlara toxunmaq, onları uçurmaq isə birbaşa səmavi dinlərə qarşı çıxmaqdır. Bu baxımdan islam dini bir məbədə, sineqoqa atılan daşı birbaşa mənəviyyətə atılan daş kimi qiymətləndirir. Həmd olsun Allaha ki, ərazilərimiz işğaldan azad edildikdən sonra dövlətimiz ərazilərin bərpası proqramı çərçivəsində məscidləri də bərpa edir. Bu bizim mənəviyyatımızın, mənəvi dəyərlərimizin bərpası deməkdir. Ümid edirik ki, bir daha bizim ən ümdə dəyərlərimizdən olan məscidlərimiz işğal altında qalmayacaq”.  
 

Qeyd edək ki, abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.


Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra tarixi-dini abidədən inək və donuz saxlamaq üçün istifadə olunub. İşğalçılar bəyannaməyə uyğun olaraq rayonu tərk edərkən məscidi yandırıblar.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO