“Location” gecə klubundakı səs-küylü partlayışın YENİ DETALLARI 

“Location” gecə klubundakı səs-küylü partlayışın YENİ DETALLARI 

Hazırda oxunan: “Location” gecə klubundakı səs-küylü partlayışın YENİ DETALLARI 

85388

Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Adil Mehdiyevin nümayəndəsi mülki iddia qaldırıb.  

O, hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmasını istəyib. Hakim mülki iddianı qəbul edib və araşdırılması üçün cinayət işinə əlavə edib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyibblər. Rəsul Rəsulov hazırda ifadə verməyib. O deyib ki, vəkili ilə məsləhətləşmə aparacaq və bundan sonra ifadə verəcək.
Daha sonra sərbəst ifadə verən Orxan Səfərli bildirib ki, bu iş başlayandan təqsirsiz olduğunu deyib, amma nəzərə alınmayıb:

"Təqsirsiz olmağımla bağlı səbəblər çoxdur. İttiham aktını oxuyanda məlum olur ki, mənə qarşı qərəzli istintaq aparılıb. Orada yazılanların mənimlə yaxından-uzaqdan heç bir aidiyyəti yoxdur".

O.Səfərlinin sözlərinə görə, MMC-nin təsisçisi klubun təsisçisi olmayıb:

"Rəsul Rəsulov guya deyib ki, göstərişi məndən alıb. Amma mənim heç bir əlaqəm olmayıb. Mənim təsisçi olmağım barədə heç bir sübut yoxdur. İsrail Usubov (iş üzrə şahiddir) təsisçi olub. 2018-ci ildə İsrail ilə Ayxan şirkət təsis edib, ora da çay evi kimi fəaliyyət göstərib. Mənim ora ilə heç bir əlaqəm yoxdur. Mənim İsrail ilə dostluq münasibətim olub.  

Pandemiya başlayandan sonra Ayxanla İsrailin münasibətləri ayrıldı. Bundan sonra Ayxana məxsus şirkətin 50 faizi mənim adıma keçdi. Bu da İsrailin təkidi ilə olub. Sonradan çay evi "Pub" kimi fəaliyyət göstərib. Mən orada direktor olsam da, faktiki olaraq bu işi icra etməmişəm. Çünki mən klubun idarəçisi olmamışam. Orada olanlardan xəbərim olmayıb. Partlayış olandan sonra məni təqsirli biliblər".

Prokurorun suallarını cavablandıran Orxan Səfərli deyib ki, partlayışın əsl günahkarını məhkəmə müəyyən edə bilər. Təqsirləndirilən şəxsin sözlərinə görə, klubda cəmi 3-5 dəfə olub. Qeyd edib ki, orada da qonaq qismində iştirak edib. 

Orxan Səfərlinin sözlərinə görə, icarəyə götürülən obyektin sahibi ilə əlaqəsi olmayıb:

"Mənə dedilər ki, Asan xidmətdə icarə müqaviləsini imzalamalıyam. Mən də imza atmışam. Bundan sonra Azərbaycanda olmamışam, obyektin qurulmasında iştirak etməmişəm. Həmin obyektin gəlirindən mənfəət gözləmirdim. Çünki 2015-ci ildə "Həcc" ziyarətində olmuşam, içkidən, spirtdən gələn gəliri götürmürəm. Mən ora heç kimi işə götürməmişəm, üz-üzə gəlməmişəm və məni heç kim tanımır. Heç kimə də göstəriş verməmişəm". 

Onun sözlərinə görə, partlayış baş verməmişdən 45 gün əvvəl MMC-nin direktoru vəzifəsindən də çıxıb və ora ilə heç bir əlaqəsi olmayıb.  

Orxan Səfərli deyib ki, cinayət işində adı keçən zərərçəkmişlərin heç birini tanımayıb. Onun sözlərinə görə, klubun alınması ilə bağlı ofisə məlumat gəlib və alınıb:

"Şirkət razılıq verib. Bununla bağlı da İsrail Usubov qərar verib. Bütün işləri də onlar edib. Mən heç nə görməmişəm. İşçiləri Rəsul Rəsulov danışıb, götürüb. Gəlirlərlə bağlı nə olub, heç nə bilmirəm. Heç kim mənə oradan heç bir gəlir verməyib". 

Orxan Səfərli deyib ki, bir dəfə “Location”də qonaq qismində iştirak edib. Hakim onun bundan əvvəl 2-3 dəfə klubda olmağı ilə bağlı verdiyi ifadələrin dəqiqləşdirməsini aparıb. O klubda olmasını təsdiqləyib:  

"Oraya gündüz saatlarında getmişdim, heç kim yox idi. Orada zalda olmuşam. Mətbəxində olmamışam. Heç bir işə nəzarət etməmişəm. Çünki marağım olmayıb". 

Orxan Səfərli bildirib ki, İsrail Usubovla MMC-yə 50 faiz şərik olsa da, heç bir vəsait qoymayıb:

"Çünki burada heç bir maddi gəlir güdməmişəm. Ayxanla arası dəyəndən sonra İsrailin güvənə biləcəyi yaxın adamı olmayıb. Buna görə də formal olaraq mənimlə şərik oldu. Mən yalnız sənədlərə imza etmişəm".

Daha sonra digər təqsirləndirilən Ruslan Məmmədov ifadə verərək, özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Proses avqustun 1-də davam etdiriləcək.  

İttihama görə, partlayış bu il aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib.

Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib. 

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.  

Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. 

O, həmin partlayışda ağır xəsarət alıb. 

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO